Bayden administrasiyası Yaxın Şərqdə böhranı və artan zorakılığı cilovlamaq üçün mübarizə aparır
ABŞ-ın hazırkı Prezidenti Co Baydenin administrasiyası diqqəti Ukraynadan İsrailə yönəltməklə Yaxın Şərqdə böhranı və artan zorakılığı cilovlamaq üçün mübarizə aparır. AYNA xəbər verir ki, bu barədə “Washington Post” Ağ Ev rəsmilərinə istinadən yazıb.
Bildirilib ki, hər şeydən əvvəl Amerika hökuməti Pentaqonun Ukraynaya hərbi yardım çərçivəsində göndərdiyi ehtiyatlardan İsrail Müdafiə Qüvvələrinə böyük həcmdə artilleriya sursatının verilməsi təşəbbüsü ilə çıxış edib. ABŞ həmçinin “Dəmir Qübbə” raketdən müdafiə sistemləri üçün İsrailə çoxlu sayda raket göndərəcək.
Rəsmilər bildiriblər ki, İsrail ordusunun bəzi istəkləri, o cümlədən hava bombaları hərbi rəsmilər tərəfindən sürətləndirilmiş şəkildə icra edilir.
Bundan əvvəl Pentaqon bildirmişdi ki, ABŞ Ukraynaya köməklə paralel olaraq həyata keçiriləcək silahların İsrailə sürətlə ötürülməsi üzərində işləyir. Vəziyyətlə tanış olan rəsmilərin sözlərinə görə, birbaşa hərbi yardımla yanaşı, Vaşinqton İsrailin özündəki anbarlarda saxlanılan sursat və silahları da yığışdırmağı planlaşdırır.