Alabama ştatında ilk edam saf azotdan istifadə edilərək həyata keçirilib
ABŞ-ın Alabama ştatının baş prokuroru Stiv Marşal Amerikada ilk dəfə olaraq saf azotdan istifadə edilərək ölüm cəzasının həyata keçirdiyini açıqlayıb. AYNA xəbər verir ki, onun bəyanatını “Alabama Local News” qəzeti yayıb.
1988-ci ildə bir qadını öldürməkdə təqsirli bilinən məhkum Kennet Smit Atmore şəhərində azotla boğularaq edam edilib.
Marşall ədalətin təmin olunduğunu vurğulayıb: “ABŞ-ın əksər ştatları kimi Alabama da bəzi xüsusilə ağır cinayətlərin ölüm cəzasını tələb etdiyi qənaətinə gəlib”.
Baş prokuror edamın yerli vaxtla saat 19:56-da başlamasına göstəriş verib. Smitin ölümü təxminən yarım saat sonra, saat 20:35-də baş verib.
Hökmün icrasından əvvəl məhkum qısa bir çıxış edərək, bu gün Alabama ştatının "bəşəriyyəti geri addım atmağa məcbur etdiyini" söyləyib.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Alabama Ali Məhkəməsi məhbus Kennet Smitin "görünməmiş üsul"dan - azot qazından istifadə edilərək edam olunmasına razılıq verib. Azot hipoksiyası ilə edama Amerikanın digər iki ştatında, Oklahoma və Missisipidə icazə də verilir.