“Heç kim onun harada olduğunu, nə istədiyini, niyə bunu istədiyini və bu ölkə ilə nə etdiyini başa düşə bilməz”
Gürcüstan Prezidenti Salome Zurabişvili milyarder, “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişvilini açıq debata çağırıb. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.
“Heç kim onun harada olduğunu, nə istədiyini, niyə bunu istədiyini və bu ölkə ilə nə etdiyini başa düşə bilməz. O, “bəzi mövqeləri” izah etməlidir. Özünü əsas hökmdar hesab etdiyi üçün debata gəlsin. Mən dövlətin birinci adamıyam, qoy gəlsin, biz bunu debatda həll edək”, - Zurabişvili mətbuat konfransında deyib.
Zurabişvili iddia edib ki, hakimiyyətdə olan partiya İvanişvilinin əmrini yerinə yetirib, qərbyönlü yoldan dönərək ölkəni təcrid edib: “Cənab İvanişvili öz cəmiyyəti qarşısında buna heç bir reaksiya vermədi, heç nə demədi, heç nə izah etmədi - bildiyimiz kimi, sadəcə icraçı olan hökumət bizim kursumuzdan niyə kənara çıxdı, ölkəyə zərər verdi, ölkəni təcrid etdi? Bu, ölkəni zəiflətdi... Yadınızdadırmı, Avropa İttifaqına status alan günlərdə nələr baş verdi, hamı bir-birini necə təbrik etdi, hamı necə şən idi. Və bütün bunlar hansısa mənasız və lazımsız qanunun (“Xarici agentlər” haqqında) tətbiqi üçün ayaqlar altında tapdalandı. Niyə? Bunu kiməsə izah etdi?”.
Gürcüstan Prezidenti növbəti dəfə müxalifəti Gürcüstanın gələcəyi üçün həlledici olacaq seçkilər öncəsi şəxsi siyasi ambisiyalarından əl çəkməyə çağırıb: "Ölkənin taleyi bu gün həll olunur və indi təkcə prezident deyil, hər kəs şəxsi siyasi ambisiyalarından əl çəkməlidir".
Zurabişvili müxalifətin bu gün güclü siyasi fiqur kimi baş nazir postuna vahid namizədlə razılaşa biləcəyinə inanmadığını vurğulayıb. Lakin onun fikrincə, bəzi müxalifət partiyalarının imzaladığı Xartiyada nəzərdə tutulan məhdud mandata malik texniki hökumətlə razılaşmaq realdır.