Zelenski bildirib ki, Holokosta həsr olunmuş formuna dəvət olunmasa da, mərasimdə iştirak edəcək
Nasist düşərgəsinin azad edilməsinin 75 illiyinə həsr olunmuş forumda Ukrayna Prezidenti Vladimir Zelenskinin çıxışına imkan verilməyib. AYNA xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı "The Times of Israel" qəzetinə müsahibəsində məlumat verib.
Zelenski bildirib ki, İsraildə keçirilən, Holokosta həsr olunmuş forumda Ukrayna tərəfdən çıxışı üçün dəvət olunmasa da, o, mərasimdə iştirak edəcək. Ukrayna liderinin sözlərinə görə, Holokost nəticəsində ölən hər dördüncü yəhudi Ukrayna əsilli olduğu üçün onun forumda danışması ədalətli olardı.
Ukrayna Xarici İşlər Nazirliyi də öz növbəsində rəsmi Kiyevin hər cür dözümsüzlük və antisemitizmi qınadığını və Holokost faciəsinin tarixi yaddaşının qorunub saxlanmasının dövlət siyasətinin vacib bir sahəsi olaraq qalacağını bildirib.
Qeyd edək ki, Dünya Holokost Forumu yanvarın 22-23-də İsraildə “Yad Vashem” anım mərasimində keçiriləcək. Polşa prezidenti Andcej Duda da bundan əvvəl söz verilmədiyinə görə, tədbirdə iştirak etməkdən imtina edib. Eyni zamanda, bir sıra KİV iddia edir ki, Dudanın səfərini ləğv etməsinin əsas səbəblərindən biri Rusiya lideri Vladimir Putinin orada "əsas qonaq" qismində iştirakıdır.
Məlumat üçün deyək ki, Auşvitç –Birkenau (Auschwitz-Birkenau) nasistlərin ən böyük və uzun müddətli düşərgəsi olub və buna görə də Holokostun əsas simvollarından birinə çevrilib. 1941-1945-ci illərdə orada, təxminən, 1,4 milyon insan öldürüb, onlardan 1,1 milyonu yəhudilər olub. Qızıl Ordu düşərgəni 1945-ci ilin 27 yanvarında azad edib.