Rəşad Mahmudov: “Rezidenturaya qəbul edilən gənc mütəxəssislər ayda 300-400 manat alır”
“Beynəlxalq iqtisadi böhranın, problemlərin davam etməsinə baxmayaraq ölkəmizdə islahatlar gedir. Xüsusilə sosial layihələrin həyata keçirilməsi inkişafın göstəricisidir”. AYNA xəbər verir ki, bu sözləri deputat Rəşad Mahmudov Milli Məclisin iclasında deyib.
Millət vəkili bildirib ki, səhiyyə islahatları da əhəmiyyətlidir: “İcbari Tibbi Sığorta tətbiq edilir. Bu, insan resurslarının nə dərəcədə vacib olduğunu ortaya çıxarır. Amma Tibb Universitetinə qəbul edilən və yüksək səviyyədə təhsil alan tələbələrin xaricə üz tutma halları var, bəzi insanlar buna müsbət yanaşır. Lakin bir sıra ölkələrdə bu məsələyə insan resursu kimi yanaşırlar. Bu mənada insan resursları bizim üçün əhəmiyyətlidir”.
Deputat əlavə edib ki, tibb sahəsində rezidentiraya qəbul olunmayan gənc mütəxəssislər poliklinkalarda işləməklə ayda 1000-1200 manat əmək haqqı alırlar: “Amma rezidenturaya qəbul edilən gənc mütəxəssislər ayda 300-400 manat alır. Onların yaşı və ailə vəziyyətini nəzərə alsaq, bunun az olduğunu müəyyən etmək olar”.
“Əvvəl insan kapitalı dedikdə dövlətin resursları nəzərdə tutulurdusa, indi insan resursu nəzərə alınır. Mən təklif edirəm ki, Nazirlər Kabinetində rezidentura ilə bağlı hüquqi normativ sənədə yenidən baxılsın”, - deyə deputat qeyd edib.