“Yeganə variant imperiyanın rus və qeyri-rus dövlətlərinə parçalanmasıdır”

Dünya

31.08.2023 - 17:57

Aleks Qriqoriyevs: “Rusiyanın əsas məqsədi Baltikyanı ölkələrin yenidən işğalıdır”

Latviyanın Dövlət Təhlükəsizliyi Xidməti (VDD) dörd Latviya vətəndaşını Rusiya kəşfiyyat xidmətinin (FSB) sifarişi ilə Latviya dövlətinin və vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə şübhəli bilərək saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin Latviya Respublikasına qarşı yönəlmiş hərəkətlərdə xarici dövlətə yardım göstərilməsi maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı DTX Riqada və Latviyanın digər yerlərində bu şəxslərlə əlaqəli 14 obyektdə yoxlama aparıb. Dərin araşdırma üçün çoxlu sayda məlumat daşıyıcısı və sənədlər ələ keçirilib. Strateji əhəmiyyət kəsb edən və qeyri-qanuni əməliyyat fəaliyyəti üçün istifadə oluna bilən qurğular aşkar edilib.

Cinayət işi çərçivəsində üç şübhəli şəxs hazırda həbsdədir, dördüncüsü barəsində isə həbslə əlaqədar olmayan həbs-qətimkan tədbiri – yaşayış yerini dəyişmək barədə bildirişlə ölkədən çıxışa qadağa qoyulub.

LETA agentliyinə məlum olduğu kimi, həbs edilənlərdən ikisi Raytis Dolqov və İqor Bobırdır. Latviyanın Dövlət Gəlirləri Xidmətinin saytındakı rəsmi bəyannamələr göstərir ki, Dolqov 2000-ci illərin əvvəllərində Riqa Regional Polis İdarəsində kriminal polis inspektoru işləyib. Dövlət Polisinin saytında verilən məlumata görə, Dolqov sertifikatlı əməliyyatçıdır.

“Firmas.lv”-nin məlumatına görə, Dolqov ötən il 164 avro dövriyyə və 2187 avro zərərlə fəaliyyət göstərən “Biotops”da 50% paya sahibdir. Bir il əvvəl dövriyyə 52 min avro, mənfəət 25 min 336 avro olub.

Öz növbəsində, Bobır “VLHG”, “RC7 Group”, “XO-art” və “Litada” şirkətlərinin ortaq sahibi, həmçinin “Lake Property”nin idarə heyətinin üzvüdür. İstintaqın maraqları baxımından DTX hələlik əlavə şərh vermir.

Digər maraqlı xəbər isə odur ki, DTX hazırda təhsil üçün işğalçı Rusiya dövlətinin universitetlərini seçən latviyalıları diqqətdə saxlayır. Rusiyanın Latviyadakı səfirliyi “Facebook”da məlumat verib ki, avqustun 17-də missiyanın binasında bu il Rusiya ali məktəblərində pulsuz təhsil almaq üçün Rusiya hökumətindən kvota almış abituriyentlər üçün görüş keçirilib. Latviyadan olan 110-a yaxın gənc Moskva, Sankt-Peterburq, Kalininqrad, Pskov və Rusiyanın digər şəhərlərinin universitetlərində təhsillərini davam etdirəcəklər.

Bu məlumatı şərh edən Latviya DTX xatırladıb ki, Rusiya Ukraynaya müdaxilə etməmişdən əvvəl də Rusiya universitetlərində təhsil almağın kəşfiyyat məlumatlarının əldə edilməsi və bu ölkənin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmə riski ilə bağlı olduğu barədə dəfələrlə xəbərdarlıq edib.

Bu risklər indiki geosiyasi şəraitdə xüsusilə yüksəkdir. Dövlət Təhlükəsizliyi Xidməti xəbərdarlıq edir ki, Rusiya əcnəbilərə başqa ölkələrdə rus maraqlarının gələcəkdə bələdçiləri olmaq üçün pulsuz təhsil imkanı verir. Xidmət yenidən latviyalıları əməkdaşlığa cəlb olunma hədəfinə çevrilmə riski yüksək olduğundan Rusiya və Belarusa getməməyə çağırır.

Sual vermək yerinə düşər: son illər Rusiya kəşfiyyat orqanları Baltikyanı ölkələrdə vəziyyətə nə dərəcədə təsir göstərməyə çalışır? Yuxarıdakı məlumatlara əsasən, onlar heç bir şəkildə sakitləşmirlər. Onların son məqsədləri nədir, həqiqətənmi onlar düşünürlər ki, tədricən bu ölkələrin sakinlərinin əksəriyyətini təlqin edib öz tərəflərinə çəkə biləcəklər?

Mövzunu AYNA-ya latviyalı politoloq, filologiya elmləri doktoru, müstəqil jurnalist, ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) keçmiş əməkdaşı Aleks Qriqoryevs şərh edib:

“Sual çox aktualdır. Rusiya Ukraynaya qarşı müharibədə sarsıdıcı məğlubiyyətə düçar olana qədər, Moskvada rejim dəyişikliyi olana qədər təslim olmur və sakitləşməyəcək. Optimal variant Rusiya İmperiyasının həm rus (Şimal-Qərb), həm də qeyri-rus (Kuban, Tatarıstan, Yakutiya) kimi bir neçə dövlətə parçalanması olardı.

Rusiya xüsusi xidmət orqanları Baltinyanıda daim təxribat fəaliyyəti ilə məşğuldur. Qeyd etdiyiniz işdən əlavə, avqustun 15-də FSB üçün məlumat toplayan bir taksi sürücüsü də həbs olundu.

Siz soruşursunuz ki, “Rusiya Baltikyanı ölkələrin sakinlərinin əksəriyyətini öz tərəfinə çəkə biləcəyini düşünürmü?”. Əslində, onların məqsədi çoxluq deyil, mənzərə yaratmaqdır. Bir dəyərli görüntü üçün isə etiraz etmək, bayrağı tapdalamaq və kamera qarşısında rus müxbirinə bir-iki axmaq söz demək istəyən bir neçə yüz adam kifayətdir.

Krımın Rusiya tərəfindən işğalı zamanı və Donbasda baş verənlər də məhz bu yolla getmişdi. Rusiyanın isə son məqsədi Baltikyanı ölkələrin yenidən işğalıdır. Yeri gəlmişkən, Azərbaycana münasibətdə planlar məqsədlərinə görə fərqlənmir, bütün fərqlər alətlərdə və taktikalardadır.

Rusiyaya oxumağa gedən insanlarla iş aparmaq lazımdır. Rusiya diplomlarını avtomatik tanımaqdan çəkinmək lazımdır, qoy onlar nostrifikasiya prosedurundan keçsinlər. Və onda belə tələbələr bizim xüsusi xidmət orqanlarının nümayəndələri ilə söhbət edəcəklər.

Əgər Rusiyanın Ukraynaya hücumunun ümumiyyətlə müsbət təsirindən danışmaq olarsa, deməli, bu, Rusiyaya dəstək ola bilməmək və əlisıxılmaz adama çevrilməməkdir. Bunun sayəsində Latviyada derusifikasiya hərəkatı yarandı - Latviyada rus dilinin mövcudluğunu azaltmaq hərəkatı. Bu, çox müsbət bir inkişafdır.

Biz yalnız bu müharibə sayəsində onların ordusunu tərənnüm edən rus hərbi abidələrindən qurtula bildik. Onlar zəfər zəhərini ətraflarına yayan kilsə kadilaları kimi idilər. İndi Allaha şükürlər olsun ki, sıradan çıxırlar.

Bu il Latviyada tədris prosesinin latış dilinə yekun keçidi prosesinə start verilir. Proses mürəkkəbdir, çətinliksiz olmayacaq, lakin bu keçid mütləq lazımdır. Ruslaşdırmaya son qoyulmalıdır. Bütün bunlar milli təhlükəsizlik məsələləridir”.

Müəllif: Rauf Orucov