Yaxın Şərqdə ikinci cəbhə: müharibə daha geniş coğrafiyaya yayıla bilər

Dünya

23.12.2023 - 10:16

İsrail HƏMAS-dan daha güclü bir rəqiblə açıq savaşa girmə ərəfəsindədir

Yaxın Şərqdə müharibənin daha da genişlənməsinin əlamətləri hiss olunur. İsrail “Hizbullah” təşkilatını şimal sərhədindən uzaqlaşdırmaq üçün Livanı işğal etməyi planlaşdırır və Yaxın Şərqdə münaqişəni daha da gərginləşdirməklə hədələyir.

“The Times” yazır ki, həftələrdir davam edən sərhədyanı atışmalardan sonra İsrail Müdafiə Ordusu (TSAXAL) Livanın cənubuna qurudan hücuma keçmək və “Hizbullah”ı Litani çayından şimala itələmək istəyir.

İsraildəki hərbi və hökumət rəsmiləri “Hizbullah”ın basqınının miqyasının HƏMAS-ın hücumundan daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edərək, oktyabrın 7-də Qəzzaya hücumun təkrarlanmasının qarşısını almaqda qərarlı olduqlarını bildiriblər.

Yüksək rütbəli İsrail zabiti “The Times”a bunları deyib: “Cənubda baş verənlər onların burada edə biləcəkləri ilə müqayisədə heç nədir. İsrailin hədəfi müharibəni digər tərəfin ərazisinə keçirməkdir”.

Aydındır ki, vəziyyət onsuz da ağırdır. Bəs başqa bir cəbhənin - Livan cəbhəsinin açılması ehtimalını necə qiymətləndirmək olar? Bunun baş verə biləcəyinə dair hər hansı əlamət varmı? Yoxsa “Hizbullah” və onun himayədarı İran ABŞ-ın belə bir gedişata mümkün müdaxiləsindən ehtiyat edəcəkmi?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

İsrailli publisist Aleksandr Nepomnyaşiy:

“Oktyabrın 7-də HƏMAS-ın İsrailin Qəzza zolağının yaxınlığındakı şəhər və qəsəbələrinə hücumu “Hizbullah”ın planının (qondarma Raduan planı) real icrası idi - hansı ki, məhz belə bir hücumu nəzərdə tuturdu, lakin yalnız Livandan və daha geniş miqyasda. Çünki bu iranpərəst terror qruplaşması HƏMAS-dan qat-qat güclüdür.

Müharibənin əvvəlində “Hizbullah”ın oxşar hücumundan qorxan İsrail Livanla sərhədə yaxın onlarla yaşayış məntəqəsindən 60 minə yaxın sakini təxliyə etmək məcburiyyətində qaldı. Həmin insanlar hələ də öz evlərinə qayıda bilmirlər, çünki “Hizbullah” terrorçuları həm hərbi, həm də mülki hədəfləri olan sərhəd yaşayış məntəqələrini atəşə tutur və bu, artıq onlarla mülki israillinin ölümünə səbəb olub.

İsrail belə bir təhdidlə barışmağa hazır deyil və Livandan BMT Təhlükəsizlik Şurasının bütün “Hizbullah” terrorçularının İsrailin şimal sərhədindən geri çəkilməsinə dair 1701 saylı qətnaməsinə əməl etməsini tələb edir. İsrail hökuməti “Hizbullah”ın özü qətnaməni yerinə yetirməsə, İsrailin onu buna məcbur edəcəyinə eyham vurub.

ABŞ “Hizbullah”a qarşı hərbi əməliyyatları dayandırması üçün İsrailə təzyiq edir, lakin İsrailin başqa variantı yoxdur. Çünki ölkə on minlərlə sakininin onlarla şəhər və qəsəbədən faktiki olaraq qovulması ilə barışa bilmir.

Eyni zamanda İsrail rəhbərliyi ordumuzun iki cəbhədə müharibəyə hazır olduğunu vurğulayır. Təbii ki, İsrail Qəzza zolağının əksər hissəsində HƏMAS-ın sıxışdırılmasından sonra hərbi əməliyyatlara başlamağa üstünlük verəcək.

Odur ki, ABŞ və Fransa “Hizbullah”ı İsrailin şimal sərhədindən geri çəkməyə və oradakı bazalarını sökməyə məcbur edə bilməsə, İsrailin şimal sərhədində təhlükəsizliyi təmin etmək üçün müstəqil şəkildə zəruri tədbirlər görməyə məcbur olması tamamilə mümkündür”.

Ukraynalı analitik, Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov:

“İsrailin Livanın cənubuna hücumu ehtimalı kifayət qədər yüksəkdir. Qüdsdə Qəzza zolağında quru əməliyyatı başlayandan sonra “Hizbullah”ın ikinci cəbhə açmasından böyük qorxu yaranıb. Oktyabr ayında bunun qarşısını almaq üçün ciddi cəhdlər edildi. Bunda ABŞ-ın münaqişəyə girmək istəyi mühüm rol oynadı. ABŞ-ın müdaxiləsi böyük müharibənin qarşısını aldı, lakin sərhədyanı hücumları dayandırmadı.

Livanın cənubundan gələn təhlükə yüzminlərlə israillini evlərini tərk etməyə məcbur edib. İsrailin şimalında iqtisadiyyat aylarla iflic vəziyyətində qalıb. Aydındır ki, belə qeyri-sabit vəziyyət uzun müddət davam edə bilməz və İsraildə Qəzzada əməliyyat gözlənildiyindən daha uğurla inkişaf etdiyi üçün Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması imkanlarını müzakirə etməyə başladılar.

Öz növbəsində İran və onun satellitləri HƏMAS ilə atəşkəs danışıqlarında İsrailin atəşə tutulmasından təzyiq vasitəsi kimi istifadə edir. İndi iranlılar üçün vacib olan sadəcə olaraq HƏMAS-ı istənilən formada qorumaqdır ki, gələcəkdə ondan istifadə etsinlər. Buna nail olmaq üçün iranlılar İsraili girovlar və humanitar məsələlərlə bağlı HƏMAS-la danışıqlara cəlb etmək istəyirlər.

Əməliyyatda hər belə fasilə HƏMAS və ya onun liderlərini qorumaq şanslarını artırır. Və atəşkəsdən bir az əvvəl “Hizbullah” atışmalarını gücləndirərək, İsrailin güzəştə getməyəcəyi təqdirdə eskalasiyaya hazır olduğunu açıq şəkildə bildirir.

Beləliklə, dinamik bir mühit yaranır ki, tərəflər hər bir növbəti addımını bir əməliyyat istiqaməti ilə bağlı deyil, regiondakı ümumi vəziyyət, düşmənin niyyətləri haqqında fikirlər və onun zəifliyinin qiymətləndirilməsi əsasında ölçüb-biçirlər. Belə bir vəziyyətdə Livanın cənubunda eskalasiya ehtimalı kifayət qədər yüksəkdir”.

Müəllif: Rauf Orucov