“Yaxın iki-üç ay ərzində böyük dəyişikliklər başlayacaq” - DEPUTAT

Cəmiyyət

10.02.2022 - 12:50

Prezident yarıtmaz qurumu parçaladı, yeni-köhnələr yarıdacaqmı?

Fevral ayının 7-də Prezident İlham Əliyevin "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" imzaladığı fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyinə verildi. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Daxili İşlər Nazirlyinə (DİN) həvalə edildi.

Yollardakı tıxac, parklama, cərimələnmələr, eləcə də ictimai nəqliyyatdakı problemlərdən əziyyət çəkən Bakı sakinlərinin bir qisimi bu xəbəri problemlərin həlli istiqamətində atılan ümidverici addım kimi qiymətləndirsə də, bir qisim hesab edir ki, müsbətə doğru ciddi dəyişikliklər gözləmək hələ tezdir.

Fərmandan irəli gələn dəyişiklikləri AYNA-ya şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, bu fərman Bakı şəhərində nəqliyyatın idarəetməsini və mövcud problemlərin aradan qaldırılmasını özündə əks etdirir: “Nəqliyyatı İntellektural İdarəertmə Mərkəzi Dövlət Yol Polisinin tabeliyinə veriləcək. Bu, o deməkdir ki, şəhərdə bütün kameralar, işıqforlara yol polisi nəzarət edəcək. Dayanma-durma ilə bağlı qayda pozuntularına görə cərimələri də yol polisi həm kameralar, həm də ərazidə xidmət apararaq tətbiq edəcək”.

“Eyni zamanda hesab edirəm ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi, ictimai nəqliyyatın daha yüksək səviyyədə inkişafı təmin olunmalıdır. Bu təminat mövcud reallıqlar, şərait nəzərə alınmaqla təmin edilməlidir. Burada təbii ki, bir çox yeniliklər qaçılmazdır. Düşünürəm ki, yeniliyin baş verməsi həm də müəyyən bir inkişafın göstəricisi olacaq. İctimai nəqliyyatda müəyyən islahatlara ehtiyac var. Avtobusların yenilənməsi, eyni zamanda kart sisteminin tətbiqi, interval məsələsi, avtobus sayının artırılması bu gün vacib olan məsələlərdir. İnsanların ictimai nəqliyyatla bağlı narazılıqlarını aradan qaldırmaq üçün bu istiqamətdə addımlar atılmalıdır”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert bildirib ki, İntellektual Mərkəzin yol polisinə verilməsi yol polisinin səlahiyyətlərini bir qədər də genişləndirir: “Nəzərə almaq lazımdır ki, hər şey əvvəlki kimi olmayacaq. Bu əsnada yol polisinin daha kəskin addımlar ata biləcəyini də istisna etmirəm. Bu gün BNA-nın ərazidə xidmət edən əməkdaşları vətəndaşlara yaxınlaşmırlar, çünki onlara qarşı fiziki təzyiqlər, təhqirlər olur. Bu cür neqativ hallara görə onlar çalışırlar ki, mümkün qədər kameralar vasitəsilə cərimə yazsınlar. Bütün küçələrdə də kameralar yoxdur. Amma yol polisi hər küçədə, ərazidə xidmət aparır. Deməli, cərimələnənlər daha çox olacaq”.

“Amma bir şeyi də nəzərə almaq lazımdır ki, BNA-nın dövründə kimsə gecə saat 12-də evdən çıxıb aptekə, marketə getdiyi yerdə cərimələnirdi. Yol polisinin vaxtında isə saat 8-dən sonra kiməsə cərimə yazılması yadıma gəlmir. BNA bunu edirdi və bu da insanlarda ciddi narazılıq yaradırdı”, - deyə Muradlı vurğulayıb.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin iradəsi bundan ibarətdir ki, əvvəlcə vətəndaşlar üçün lazımi şərait yaratmaq, cəriməni sonradan da tətbiq etmək olar: “Amma hələlik biz bu şəraiti görməmişik. Məsələn, çox nadir hallarda parklanma ilə bağlı vətəndaşlara şərait yaradılmasını müşahidə edirik. Bakı Şəhər İcra Hakimiyyəti Hacıbala Abutalıbovun dövründə parklanma ilə məşğul olub. Amma çox pis nümunə qalıb. Bu günlərdə parkomatların fotoları yayılmışdı. Həmin dövrdə alınmış parkomatlar bu gün zibilliyə atılıb, haradasa çürüyür. Bu cür halları ki görürük, düşünürəm, BŞİH yenidən parklama ilə məşğul olmamalıdır, ola da bilməz. Çünki vətəndaşlarımızın yanaşmasını gözdən keçirdiyimizdə də bunun faydasız olduğunu görürük. Vətəndaşlar mülki şəxsi görəndə yerindən tərpənmir, amma polisi görəndə başqa cür reaksiya verirlər. Bu cür yanaşmalar deməyə əsas verir ki, parklama ilə bağlı təşkilatçılıq, həm də cərimələrin tətbiqi yol polisində olmalıdır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də AYNA-ya açıqlamasında sözügedən dəyişiklikləri təqdir etdiyini söyləyib: “Ona görə ki, bu qurum artıq 7 ilə yaxın idi fəaliyyət göstərirdi. Bu müddət ərzində Bakı şəhərində olan bütün nəqliyyat problemlərini həll etməli idi. Burada söhbət təkcə tıxac problemindən getmir. Eyni zamanda avtobusların vaxtlı-vaxtında marşrut xəttinə çıxması, işlək vəziyyətdə olmaları, taksi fəaliyyətində müəyyən qanun-qayda yaradılmasını və s. nəzərdə tuturam. Bir çox məsələlər həll olunmalı idi. Əfsuslar olsun ki, 7 il ərzində nə konseptual plan hazır oldu, nə də konseptual plan hazır olana qədər müvəqqəti də olsa problemlərin həllinə yönəlik mexanizm həyata keçirildi”.

“Hamımız görürük ki, Bakı sakinləri – sürücülər, piyadalar, qonaqlar çox narazıdır. Bu narazılıq sosial şəbəkədə də öz əksini tapır. Milli Məclisdə dəfələrlə bununla bağlı çıxışlar olmuşdu. Bir neçə deputat çıxışında BNA-nın fəaliyyətini tənqid etmişdi. Onlardan biri də mən idim. Təxminən iki il öncə bu məsələyə toxunmuşdum və qeyd etmişdim ki, bu qurum gərək öz işində böyük addımlar atsın, yeniliklər etsin. Amma əfsuslar olsun ki, ciddi bir addım görmədik”, - deyə deputat bildirib.

“Maraqlısı odur ki, bu günə qədər mən BNA-nın nəsə bir konseptual plandan danışdığını görməmişəm. 10 gün bundan öncə cərimələrlə bağlı məsələ qaldırıldı, orada bu barədə ən çox danışan mən oldum. Bildirdim ki, ya rayon-rayon, ya da Bakı şəhərini əhatə edən plan hazırlanmalıdır. Bundan sonra BNA-dan aktivlik gördük. Hətta ARB24 televiziya kanalına bizi dəvət etdilər ki, bunu müzakirə edək. Nəyini müzakirə edək? 7 il keçib. Qurum yaranandan bir il, il yarım sonra plan hazır olmalı idi. Yoxsa belə hər dəfə tənqid etməklə məsələ həll olunmur. Gərək işlərini bilərdilər”, - deyə o vurğulayıb.

Quliyev artıq neçə ildir ki, Bakının İntellektual İdarəetmə sisteminin hazırlandığını xatırladıb: “Bu sistemi də BNA həyata keçirməli, inkişaf etdirməli idi, lakin bunu da görmədik. Buna görə də cənab Prezidentin qərarı zamanında oldu. Düşünürəm ki, bu qərardan sonra görüləcək işləri istər BŞİH, istərsə də DİN daha pofessional həyata keçirəcək. İlk növbədə, bizə Bakı şəhəri üzrə konseptual plan lazımdır. Bu plan da illərdir hazırlanmırdı”.

Həmsöhbətimiz cərimələrlə bağlı cəmiyyətdə ciddi narazılıqların olduğunu da dilə gətirib: “Cərimələməklə, insanları incitməklə problem heç də həll olunmur. Sadəcə problem daha da kəskinləşir. Bu barədə özüm də çıxışlarımda kəskin mövqe bildirmişəm. Cəmiyyətdə böyük narazılıqlar var. Mən düşünürəm və arxayınam ki, Bakı şəhəri üzrə konseptual plan tezliklə hazırlanacaq. Bu planın sürətlə hazırlanmasına, dövlətə təqdim olunmasına vaxtımız var. Çıxışlarımda da qeyd etmişəm ki, mən bir deputat kimi dəstək verməyə, kömək etməyə hazıram. Biz bunu Milli Məclisdə, ən azından komitədə müzakirə edə, öz fikir və təkliflərimizi, xahişlərimizi ifadə edə bilərik. Biz insanların istəklərini, xahişlərini çatdırırıq”.

“Cənab Prezident hər dəfə qeyd edir ki, məmurlar sadə insanların maraqlarını üstün tutmalıdırlar. Düşünməlidirlər ki, planlı şəkildə hansı addımlar atılmalıdır ki, onların istəkləri həyata keçirilsin. Mən ümid edirəm ki, üzümüzə gələn iki-üç ayın içərisində böyük dəyişikliklər başlayacaq və Azərbaycanda həyata keçirilən islahatlar bütün sferalarda tam axıra qədər çatdırılacaq, biz də bunun bəhrəsini görəcəyik”, - deyə Quliyev fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib