“YAP-ın növbədənkənar qurultayının keçirilməsi mümkündür” - <font color=red> DEPUTAT</font>

Siyasət

25.08.2020 - 19:13

Aydın Mirzəzadə: “Partiya ənənəvi olaraq işini davam etdirir, seçkili orqanlarımız fəaliyyətdədir”

 

Baş verən son proseslərdən sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultay keçirəcəyi barədə yerli mediada məlumatlar yayılıb. Bildirilir ki, təşkilatın İcra katibinin müavini, deputat Siyavuş Novruzovun istefa verməsindən sonra YAP-ın ali tədbirinin baş tutması labüddür.

 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AYNA-ya deyib ki, onda qurultayla bağlı hansısa məlumat yoxdur: “Məndə belə bir məlumat yoxdur. Amma mümkündür ki, növbədənkənar qurultay keçirilsin. Bu gün partiya daxilində qurultayın keçirilməsi məsələsi müzakirə edilmir”.

Ad günü ildə bir dəfə olur, onlara quru “sağ ol” deyim?” — Aydın ...

Bununla yanaşı, deputat deyib ki, hazırda növbədənkənar qurultayın keçirilməsinə ehtiyac yoxdur: “YAP ənənəvi olaraq işini davam etdirir, seçkili orqanlarımız fəaliyyətdədir. Gündəlik proseslərdə iştirak edirik. Öz siyasi kursumuza, ideyalarımıza uyğun fəaliyyətdəyik. Prinsipcə, növbədənkənar qurultay müzakirə mövzusu deyil. Qurultayımız 5 ildən bir keçirilir. Sonuncu dəfə 2018-ci ildə olub, növbəti qurultayın vaxtı 2023-cü ildədir”.

 

Xatırladaq ki, AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy məclisinə qatılaraq karantin qaydalarını pozan, buna görə cərimələnən YAP İcra katibinin müavini Siyavuş Novruzov vəzifəsindən istefa verib. Həmçinin, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov da toyda iştirak səbəbindən cərimələnib.

Müəllif: Anar Bayramoğlu