Yanacağın bahalaşması büdcəmizə necə təsir edəcək – <font color=red> SORĞU</font>

Cəmiyyət

09.01.2021 - 14:08

Cavablar müxtəlifdir: Narazılıq edənlər də var, əhəmiyyət verməyənlər də

 

Məlum olduğu kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

 

Qəbul edilən qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Belə izah edilib ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

 

AYNA, sözügedən qiymət artımlarının təsirləri ilə əlaqədar sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləliklə:

 

Ağa Dadaşzadə: “Azərbaycanda sahibkarlara belə bəhanələr lazımdır ki, qiyməti qaldırsınlar. Çörək, ictimai nəqliyyat, qida məhsullarının qiyməti tezliklə qalxacaq. Bundan başqa, 1 manata olan Aİ-92 benzinin keyfiyyəti çox aşağıdır”.

 

Əzizə İsmayılova: “Qətiyyən təsir etməyəcək. Büdcəmiz o qədərdir ki, ona heç bir halda təsir etmək mümkün deyil. Biz bu qərardan çox məmnunuq. Olduqca gözəl qərardır. 10 qəpik söhbəti edəsi deyilik ki. Qoy, dizel vuranlar dərd çəksinlər”.

 

Elyar İslamoğlu: “Benzinin və dizel yanacağının qiymətinin qalxması bütün sahələrdə ciddi qiymət artımına səbəb olacaq. Çünki, daşınma xərcləri artacaq. Pandemiya ilə mübarizə aparan, müharibədən yeni çıxmış ölkənin əhalisi bu bahalaşmaya hazır deyildi. Onsuz da iş yerlərinin çoxu bağlanıb, xidmət sahələri uzun müddətdir ki, normal fəaliyyət göstərmir. Bu bahalaşma həm də məmurların xalqdan nə qədər uzaq olduğunun, onların ölkədəki problemlərdən xəbərsiz olduqlarının göstəricisidir. Boşalmış büdcəni xalqı dilənçi kökünə salmaqla doldurmaq olmaz”.

 

Aynur Cavid: “Büdcəmizə təsir edəcək. Benzinin qiyməti qalxmamış artıq hər məhsulun qiyməti qalxır”.

 

Tərxan Paşazadə: “Belə qərarlar nə ilkdir, nə də son. Büdcəmizə təsiri isə bu qiymət artımından da əvvəl başlamışdı. Məsələn, son iki-üç həftədə unun kq-ı 48 qəpikdən 55 qəpiyə, şəkər tozunun kq-ı isə 88 qəpikdən 99 qəpiyə yüksəlib. Digər ərzaq məhsullarında da artım müşahidə olunmaqdadır. Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətinin artması isə həm inflyasiyanı, həm də manatın dəyərdən düşməsini sürətləndirə bilər. Bütün bunlar büdcəmiz üçün yaxşı bir şey vədd etmir”.

 

Səbuhi Abdullayev: “Gözlənilən hal idi. Düşünürəm, benzinin bahalaşması bizə elə də ciddi təsir etməyəcək”.

 

Abdul Kərimxanov: “Hesab edirəm ki, Aİ-92 markalı avtomobil benzini, əsasən şəxsi minik avtomobillərində istifadə olunduğundan, istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Həmçinin, Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün də geniş imkanlar açılır. Bundan əlavə, dövlət büdcəsinə əlavə vergi daxilolmaları proqnozlaşdırmaq mümkündür. Yaranan əlavə vəsaitin isə ölkədə sosial yönümlü tədbirlərə yönəldiləcəyini ümid edirəm”.

 

Amin Nəzərli: “Ərzaq və ictimai nəqliyyatda daşınma qiymətləri artmasa, büdcəmizə çox ciddi bir təsir etməyəcək”.

 

Xaliq Rüstəm: “Əlbəttə, təsir edəcək! Nəzərə alsaq ki, yanacağın qiymətinin qalxması tək avtomobillərə yox, bütün sahələrə təsir edir, demək olar ki, müxtəlif ərzaqların və digər təlabatların qiymətində artım qaçılmaz olacaq”.

 

Şaiq Çələbi: “Hakimiyyətin mənbəyi xalqdır, xalq çoxluqla benzinin qiymət artımından razıdır. Ona görə də vay kasıbların halına”.

 

Arif Nağıyev: “Bizim büdcəmizə təsir etməyəcək. Bahalaşma da olmayacaq”.

Müəllif: Təranə Xudabaxşiyeva