Girovların qaytarılması HƏMAS üçün liderlərinin cəsədini qaytarmağın yeganə yolu ola bilər
Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın meyiti Qəzzada saxlanılan israilli girovlarla dəyişdirilə bilər. AYNA xəbər verir ki, bu barədə CNN İsraildəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətləri bildiriblər ki, girovların qaytarılması HƏMAS üçün Fələstin qruplaşması liderinin cəsədini qaytarmağın yeganə yolu ola bilər.
İsrail bir ildən çox əvvəl əsir götürdüyü insanları azad etmək üçün fələstinlilərə necə təzyiq göstərəcəyini düşünür. Eyni zamanda, CNN mənbələri Sinvarın meyitinin qaytarılmasının HƏMAS üzvlərinin birliyinə səbəb ola biləcəyini qeyd edir.
Qeyd edək ki, İsrail oktyabrın 17-də Sinvarın öldürüldüyünü bəyan etdi. Ertəsi gün Sinvarın ölümünü HƏMAS təsdiqlədi. İsrail Milli Məhkəmə Tibb Mərkəzi ölüm səbəbinin başından güllə yarası olduğunu və təxmini ölüm vaxtının oktyabrın 16-sı axşam saatları olduğunu açıqlayıb.
Sinvar HƏMAS-ın ötən il oktyabrın 7-də İsrailə hücumunun təşkilatçısı hesab olunurdu. Mindən çox insan cihadçıların hücumunun qurbanı olub. 250-dən çox insan girov götürülərək Qəzza zolağına aparılıb. Onlardan bəziləri İsrail və HƏMAS arasında razılaşma çərçivəsində mübadilə edilib.
Sentyabrın əvvəlində HƏMAS-ın əlində yüzdən az girov qalmışdı. İsrail onlardan 40-a yaxınını ölü hesab edir.
Sinvarın ölümündən sonra İsrailin Baş naziri qruplaşmanı silahlarını yerə qoymağa və girovları geri qaytarmağa dəvət etsə də, HƏMAS bundan imtina edib.