Xarkova hava zərbəsi endirilib: altı nəfər ölüb

Dünya

23.05.2024 - 15:08

Hücum S-300 raketləri ilə həyata keçirilib

Rusiyanın Xarkova endirdiyi hava zərbəsi nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Xarkov qubernatoru Oleq Sinequbov deyib.

“İlkin məlumata görə, 6 ölü və 16 yaralı var”, qubernator bildirib.

Bildirilir ki, hücum S-300 raketləri ilə həyata keçirilib.

Sinequbov vurğulayıb ki, şəhərə azı 10 hava zərbəsi endirilib, nəticədə bir neçə yaşayış binası, iki tramvay və 11 avtomobil zərər görüb.

Qubernatorun sözlərinə görə, cəbhəyanı yaşayış məntəqələrinin sakinlərinin və şəhər əhalisinin təxliyəsi davam edir: “Ümumilikdə, Çuqevski, Xarkov, Boqoduxovski rayonlarından 10 min 980 nəfər təxliyə edilib”.

Şəhərin meri İqor Terexovun sözlərinə görə, rus qoşunları nəqliyyat infrastrukturuna, özəl şirkətə və şəhərin həyat təminatı ilə məşğul olan kommunal şirkətin bölməsinə hücum edib. Partlayışların baş verdiyi yerdə yanğınlar olub.

Ukrayna Prezidenti Volodimir Zelenski şəhərə ən azı 15 raket atıldığını bildirib.

“Rusiyanın Xarkov və Lyubotinə qarşı son dərəcə qəddar hücumu - ilkin məlumatlara görə, eyni anda 15 raket atılıb. Təəssüf ki, ölənlər və yaralananlar var. Təcili yardım xidmətləri artıq hadisə yerindədir və hər bir zərərçəkənə lazımi yardım göstəriləcək”, Prezident “Telegram” kanalında yazıb.

Zelenskinin sözlərinə görə, Rusiya ordusu Ukraynanın kifayət qədər hava hücumundan müdafiə sistemi və Rusiya ərazisində buraxılış qurğularını məhv etmək imkanının olmamasından istifadə edir.

Qeyd edək ki, aprelin əvvəlindən Rusiya Xarkovu kütləvi atəşə tutmağa başlayıb. Enerji obyektləri hücuma məruz qalıb, onların əksəriyyəti tamamilə məhv edilib. Rusiya mayın 10-da Xarkov vilayətində yeni cəbhə açıb. Bir neçə gün ərzində rus qoşunları ən azı səkkiz yaşayış məntəqəsini ələ keçirərək, şimaldan Volçanska yaxınlaşaraq daxil olublar. Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, hücum həftəsi ərzində Rusiya qüvvələrinin irəliləmə tempi xeyli azalıb və onlar Ukrayna ərazisinə 8 km-dən çox irəliləməyə nail olublar.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski mayın 17-də bildirib ki, Xarkov vilayətində müdafiə xətti pozulmayıb, lakin Rusiya döyüş zonasını demək olar ki, 70 km genişləndirib və Ukraynanı zorakılığa, ehtiyat briqadalardan istifadə etməyə məcbur edir. Sırski xəbərdarlıq edib: "Qarşıda ağır döyüşlər olacaq".

Martın sonunda “Meduza”ya Rusiya Prezident administrasiyasına yaxın mənbələr bildirib ki, Ukrayna əks-hücumunun uğursuzluğundan sonra Putin Ukraynanın “zəifliyini” hiss edib. Onların fikrincə, Purin Kiyevi və Xarkovu tutmaq üçün növbəti cəhd də daxil olmaqla, indi “qələbəyə hazırlaşır”.

Müəllif: Turan Abdulla