Xaricdə virusa yoluxan azərbaycanlılara ciddi nəzarət davam edir

Xəbərlər

16.04.2020 - 17:49

"Vətəndaşlarımızın müxtəlif ölkələrdə qeydiyyatı aparılır ki, növbəti çartert reysləri ilə vətənə gətirilsinlər”

 

“Pandemiya təhlükəsi ilə əlaqədar Diasporalarla İş üzrə Dövlət Komitəsinə xaricdəki həmvətənlərimiz yaşayan 47 ölkədən  5104 müraciət daxil olub”.

 

AYNA xəbər verir ki, bunu Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi bugünki mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bəzi şəxslər yaranmış vəziyyətdən sui-istifadə ediblər: “Bu halların qarşsının alınması üçün tədbirlər görülüb. Əksəriyyəti Azərbaycanda görülən tədbirləri alqışlayır, təxliyə məsələsinə də müsbət fikir bildiriblər. 11 ölkədə “Azərbaycan Ev”i var, iş adamları, diaspora təşkilatlarının, diplomatik korpusların dəstəyi ilə xaricdən vətənə qayıda bilməyin vətəndaşlarımıza dəstək verilib”.

 

Xaricədə Covid-19-a yoluxan azərbaycanlıların sayına gəlincə, Komitə sədri bildirib ki, Fransa, Gürcüstan, Almaniya, Finlandiya, ABŞ, İsveçdə virusa yoluxan azərbaycanlılar var: “Xaricdə virusa yoluxmuş vətəndaşlarla mütəmadi əlaqə saxlanılır. Onların vəziyyəti nəzarət altındadır”.

 

“Diplomatik korpus, səfirliklərdə, ümumilikdə, 4100 nəfər işçi heyətimiz var, onlar arasında yoluxma halı olmasa da, vəziyyətə nəzarət olunur. Onlar gücləndirilmiş iş rejimində faəliyyətlərini davam etdirirlər. Vətəndaşlarımızın müxtəlif ölkələrdə qeydiyyatı aparılır ki, növbəti çartert reysləri ilə vətənə gətirilsinlər”, - deyə F.Muradov vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı