“Putinə yaxşı məlum olan müxtəlif şərtlərə görə mənim Rusiyaya gəlməm son dərəcə çətin olardı”
Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya Prezidenti Vladimir Putinə oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etməyəcəyini, ancaq nümayəndə heyəti göndərəcəyini bildirib. AYNA xəbər verir ki, Vuçiçin sözlərini Serbiyanın Radio və Televiziyası (RTS) yayıb.
Serbiya lideri qeyd edib ki, nümayəndə heyətinə Baş nazirin müavini Aleksandr Vulin, müdafiə naziri Bratislav Qasiç, iqtisadiyyat naziri Adriana Mesaroviç və beynəlxalq iqtisadi əməkdaşlıq üzrə kurator Nenad Popoviç daxildir.
Dövlət başçısı vurğulayıb ki, oktyabrın 23-də Polşanın Baş naziri Donald Tusk Belqrada səfər edəcək və ona Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis də qoşulacaq. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Serbiyaya səfər edəcək.
“Bu günlərdə Serbiyaya səfərlər olmasa belə, Putinə yaxşı məlum olan müxtəlif şərtlərə görə mənim Rusiyaya gəlməm son dərəcə çətin olardı”, Vuçiç əlavə edib.
Eyni zamanda, Serbiya lideri xatırladıb ki, təkcə bu il Avropa İttifaqı Moskvaya qarşı 44 sanksiya paketi qəbul edib və Belqrad onların heç birinə qoşulmayıb: “Putin bunu çox yüksək qiymətləndirir”.