“Vətəndaşların sərhədi keçməsi Rusiyadan deyil, Azərbaycandan asılıdır”

Cəmiyyət

18.06.2020 - 13:00

Dağıstanda qalan soydaşlarımız barələrində cinayət işi açılma və ölkədən deportasiya edilmə qorxusu altındadırlar

 

Rusiya-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır. İyunun 17-si gecə vətəndaşların müəyyən hissəsi Azərbaycan tərəfə keçirilib, ancaq buna baxmayaraq, Dağıstan polisi tərəfindən azərbaycanlıların vəhşicəsinə döyülməsi ilə bağlı məsələlər açıq olaraq qalır.

 

Mediada adının çəkilməsini istəməyən hadisə şahidlərindən birinin AYNA-ya dediyinə görə, insanların əksəriyyəti müxtəlif səbəblərdən danışmaq və media ilə əlaqə qurmaqdan imtina edir: “Əsas səbəb barələrində cinayət işi açılması və ya ölkədən deportasiya edilmə qorxusudur. Sərhəddə yığılan insanların müəyyən bir hissəsi bir müddət əvvəl vətəndaşlıq, daimi yaşayış izni və s. üçün Rusiyanın müvafiq orqanlarına müraciət edib. Odur ki, bir çoxları hakimiyyət orqanları ilə problem yaşamaqdan çəkinir və buna görə də danışmayacaqlar. Bizi başa düşün. Polisin etdiklərini sözlə izah etmək mümkün deyil”.

 

Dərbənddə azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Telman Tahirli isə AYNA-ya müsahibəsində sərhəddə baş verənlərdən, polisin hansı səbəblərdən qəddarlığa yol verməsindən danışıb.

 

- Telman müəllim, Dağıstanda nə baş verir? Bizim vətəndaşlarımız niyə polis tərəfindən döyülür?

 

- Rəsmi olaraq, azərbaycanlılardan kiminsə döyülməsi barədə məlumat yoxdur.

 

- Siz rəsmi məlumat nəyə deyirsiz? Rusiya DİN etiraf edəcək ki, insanları qəddarcasına döyüb? Bunu mümkün hesab edirsiz?

 

- Əvvəlcə onu qeyd etmək lazımdır ki, Azərbaycan rəsmilərinin də müraciətində ölkə vətəndaşlarına sərhədə yığılmamaq çağırışı edilmişdi. Amma onlar yığıldı və sərhəddə süni şəkildə basabas, növbələr yarandı. Axı bu, sərhəddir və burada edilən qeyri-qanuni hərəkətə görə siz cərimə edilə bilərsiz. Yerli hakimiyyət bunu etmədi. Əksinə, ilk vaxtlardan Dağıstan hökuməti azərbaycanlıların gecələmə problemlərini həll etdi - azərbaycanlılara mənzil verdi, məscidlərin ərazisində qala bildilər. Lakin sonra Azərbaycan səfirliyi işə girişdi və insanların yerləşməsi üçün istirahət kompleksi ayrıldı. Bu proses iki aydır davam edir. Ramazan ayında dərbəndlilər və yaxınlıqdakı evlərin sakinləri bu insanlara yemək gətirirdilər, işləməyən restoranlar belə, onlar üçün xüsusi olaraq yemək bişirirdi. Hökumət orqanları da onlara kömək etdi, xüsusən də Dərbəndin meri çox kömək etdi. Bəs sonunda? Təşəkkür əvəzinə iğtişaşlar yaradıldı. Bu insanlar orada, ümumiyyətlə müsəlmana yaraşmayan bir şəkildə davranırdılar. Məsciddə bəzilərinin necə içdiklərinin və siqaret çəkdiklərinin şahidi oldum.

Nicat Hacıyev