Maria Korina Maçadoya Nobel Sülh Mükafatı verildiyinə görə səfirliyin bağlanması qərara alınıb
Venesuela hökuməti Norveçdəki səfirliyini bağlamaq qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu, Venesuelanın müxalifət lideri Maria Korina Maçadonun Norveç Nobel Komitəsi tərəfindən Sülh Mükafatını almasından qısa müddət sonra baş verib.
Venesuela hakimiyyəti öz bəyanatında Nobel Komitəsinin qərarına toxunmayıb və səfirliyin bağlanmasının ölkənin dünyadakı diplomatik nümayəndəliklərinin yenidən qurulmasının bir hissəsi olduğunu iddia edib.
Norveç Xarici İşlər Nazirliyi Karakasın heç bir izahat vermədən Oslodakı səfirliyini bağladığını bəyan edərək, qərarı “təəssüf doğuran” adlandırıb.
"Bir sıra məsələlərdə fikir ayrılıqlarımıza baxmayaraq, Norveç Venesuela ilə dialoqu davam etdirmək istəyir və bu istiqamətdə işi davam etdirəcək", - Norveç XİN-dən bildirilibb. Qeyd olunub ki, Nobel Komitəsi hökumətə bağlı deyil və mükafatlar “Norveç hökumətindən asılı olmayaraq” verilir.
Norveç Nobel Komitəsindən bildirilib ki, Maçado Sülh Mükafatını “Venesuela xalqının demokratik hüquqlarının inkişaf etdirilməsi istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçidə nail olmaq üçün apardığı mübarizəyə görə” alıb.