Onlar artıq Sudja yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə qarşı ilk döyüşlərə giriblər
Rusiyanın “Vaqner” muzdlu şirkətinin əsgərləri Rusiyanın Kursk vilayətinə gəlib və artıq bölgəyə hücum edən Ukrayna ordusu ilə döyüşə girib. AYNA xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyinin könüllülər korpusunun batalyonları və “Vaqner” qrupunun döyüşçüləri Kursk vilayətinə gəlib. Onlar artıq Sudja yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə qarşı ilk döyüşlərə giriblər”, - məlumatda qeyd edilib.
Avqustun 8-də Rusiya Müdafiə Nazirliyi Kursk vilayətindəki vəziyyətlə bağlı rəsmi məlumat yayıb. Nazirliyin məlumatına görə, hücum yerinə Sever qoşun qrupları və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunub.
Xatırladaq ki, Rusiya Federasiyasının Kursk vilayətində döyüşlər üçüncü gündür - avqustun 6-da səhər saatlarından, Ukrayna Silahlı Qüvvələrinin Sudjanski rayonundakı sərhəddə hücum etdiyi vaxtdan davam edir. Bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Davam edən döyüşlər zamanı Rusiya ordusu hələ də Ukrayna hərbçilərini ərazidən sıxışdırıb çıxara bilməyib. Rayonda döyüş zonası 400 kv.km-dən artıqdır.