Deputat: “Əgər biz bunları unudarıqsa, heç bir qanun uşaqlarımızın təhlükəsiz həyatını tam təmin edə bilməz”
Spiker: “Hər birimizin borcudur ki, bu reallıqları görək və onları açıq şəkildə ifadə etmək lazımdır”
Milli Məclisin bu günkü iclasında “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə edilib. Müzakirə zamanı deputat Pərvanə Vəliyeva deyib ki, qanuna uşaqların müxtəlif elmi-tədqiqatlara cəlb edilməsi ilə bağlı müddəanın əlavə edilməsi və ya qanundan irəli gələn normaların hazırlanması zamanı bu məsələnin nəzərə alınması məqsədəuyğun olar. Millət vəkili bildirib ki, uşaqlar həssas əhali qrupudur və buna görə də tədqiqatlarda iştirakları zamanı əlavə qorunmaya ehtiyac duyurlar.
“Uşaq sağlamlığının qorunması və yaxşılaşdırılması bəzi kliniki tədqiqatların aparılması zərurətini yaradır. Və ya uşaqların fikirlərinin öyrənilməsi ehtiyac duyulan, sonda bu sahədə siyasətlərin təkmilləşdirilməsini hədəfləyən sosial tədqiqatlar aparılır. Ölkəmizdə də uşaqların kliniki, operativ və sosial tədqiqatlarda iştirakı təcrübəsi var. Müxtəlif elmi-tədqiqat institutları, assosasiyalar, ictimai birliklər tərəfindən uşaqların da cəlb olunması ilə kəmiyyət, keyfiyyət sorğuları, eləcə də, kliniki tədqiqatlar aparılır. Lakin tədqiqatlarda iştirak edən uşaqların hüquqlarının qorunmasına dair mövcud qaydalar təlimat səviyyəsindədir, NK normaları yalnız kliniki tədqiqatları əhatə edir, operativ və sosial tədqiqatlar isə əhatə olunmur. Məsələn, ABŞ və Avropa İttifaqında bu məsələyə qanunvericilik səviyyəsində aydınlıq gətirilir”, - xanım deputat əlavə edib.
Millət vəkili söyləyib ki, bu qanunun 17-ci maddəsinin 5-ci – “Uşaqlara aid fərdi məlumatların toplanması, emalı və mühafizəsi qanunla müəyyən edilir dedikdə, burada yəqin ki, “Fərdi məlumatlar haqqında” AR qanuna istinad edilir: “Lakin bu qanunun da özündə də yenilənməyə ehtiyac var. Çünki 2010-cu ildə bu qanun qəbul edilərkən süni intellekt həyatımıza bu dərəcədə daxil olmamışdı. 17.5-ci bənddə həm də qeyd oluna bilər: Uşaqlar arasında sorğular və tədqiqatlar yalnız müvafiq sertifikasiyaya malik psixoloqun müşayiəti ilə, onun qanuni nümayəndələrinin yazılı razılığı və iştirakı ilə aparıla bilər. Uşaqlar tədqiqatın istənilən mərhələsində iştirakdan imtina etmək hüququna malikdir”.
“Elmi tədqiqatın etik prinsiplərə müvafiqliyini Etik Komissiyalar (Etik Məsələlər üzrə Müşahidə Şurası) dəyərləndirir. Hər elmi-tədqiqat müəssisəsi öz daxilində etik komitə yaradır və tədqiqatı qiymətləndirilir. Lakin təklif edirəm ki, məhz uşaqların cəlb olunduğu tədqiqatların etik qiymətləndirməsi mərkəzləşmiş qaydada aparılsın. Uşaqların cəlb olunduğu tədqiqatların etik qiymətləndirilməsi müvafiq Dövlət Komitəsinə həvalə olunsun. Məqsəd tədqiqatçıların işini artırmaq deyil, uşaqların hüquqlarını təmin etmək, onları xarici təsirlərdən və sui-istifadə hallarından qorumaqdır”, - P.Vəliyeva fikrini tamamlayıb.
“Uşaqlar üçün keyfiyyətli filmlərin az olması, tək kino sənayesinin problemi deyil-mədəniyyətimizin, təhsilimizin və istehsal infrastrukturunun birgə üzərinə düşən ən böyük vəzifədir. Təəssüflər olsun ki, ölkəmizdə uşaq filmlərinin sayı çox məhduddur, bəzi illərdə bir-iki layihə belə olmur. Əsasən serial, animasiya və uşaq proqramları var-amma tammetrajlı kinolar və ya yüksək səviyyəli layihələr çox nadirdir”. Bu sözləri isə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Deputat bildirib ki, istehsal olunan məzmunların çoxu zəif ssenari və keyfiyyətsizdir, bəziləri isə əyləncə xarakterli olur: “Lakin milli dəyərlərimizi və tariximizi gələcək nəsillərə ötürən əsərlər çox azdır. Xaricdə uşaqlar üçün hazırlanan film və seriallara baxanda - “Pixar”, “DreamWorks” və s. fərq açıq görünür. Uşaq filmləri kommersiya baxımından cəlbedici sayılmır. Peşəkar uşaq kino istehsal komandaları və studiyaları azdır. Uşaq psixologiyası, pedaqogikası, ssenari yazarlığı və audiovizual effektlər sahəsində ixtisaslaşan kadrlar çatışmır. Uşaqlar daha çox xarici məzmunlarla böyüyür, nəticədə, yerli məhsula maraq azalır və mədəni assimilyasiya riskləri yaranır. Dil, dəyərlər, milli simvollar uşaq filmlərində daha zəif əks olunur. Uşaqlar Vətən müharibəsi qəhrəmanlarını, nağıllarımızı, Böyük qayıdışı, milli ənənələri və tariximizi görməklə mədəni kimliklərini daha güclü formalaşdırarlar. Beləliklə, uşaq filmlərinin azlığı tək mədəni problem deyil-gələcək nəslin estetik dünyagörüşünü, milli dəyərlərini, fantaziyasını və öyrənmə imkanlarını məhdudlaşdıran hadisədir”.
“Eyni vəziyyət cizgi filmləri sahəsindədir. Azərbaycanda uşaqlar üçün cizgi filmləri – animasiya - sahəsi kifayət qədər inkişaf potensialına malik olsa da, hələ də müxtəlif çətinliklərlə üz-üzədir. Halbuki ölkəmizdə cizgi filmlərinin tarixi XX əsrin 30-cu illərinə gedib çıxır və 60-70-ci illərdə silsilə uğurlu animasiya filmləri çəkilib. 1970-80-ci illərdə xalq folklorundan götürülən motivlərlə çəkilən çoxlu filmlərimiz var. İndi isə övladlarımız ən yaxşı halda qardaş ölkənin cizgi qəhrəmanları ilə, ən pis halda isə "Disney"lə böyüyürlər. Uşaqların ilk oyuncaqları onların dünyagörüşünü, estetik zövqünü və milli yaddaşını formalaşdırır. Əgər onlar Lego qəhrəmanları ilə böyüyürsə, uşaqların zehni və emosional dünyası xarici məhsulların obrazları ilə formalaşır. Minillik nağıllar, qəhrəmanlar, mifoloji obrazlar uşaqlara fiziki şəkildə təqdim olunmur. Oyuncaqlar, cizgi filmləri, kitablar tarixi yaddaşın əsas daşıyıcıları, hard diskləridir. Uşaq oyunları və əyləncə məhsulları milli təhsil məqsədləri ilə uyğunlaşdırılmalıdır. Lakin xarici markalar hazır məhsul, cizgi və kitablarla həm əyləncə, həm də təhsil rolunu doldurur. Nəhayət, gəlin qəbul edək ki, müəllim dövlətin sütunudur, millətin qurucusudur, onun savadlı gələcəyinin memarıdır. Müəllimin nüfuzu sarsılarsa, nizam pozular, ən kiçik mübahisədə öyrədənini haqsız və günahkar çıxaran xalqın gələcəyi ola bilməz”, - Z.Oruc əlavə edib.

O bildirib ki, silahlı zorakılıqlarda müəllimi günahlandırmaq, istənilən hadisədə öyrədənini linç etmək bizə Qərb məktəblərindəki qətliamları nümunə göstərməkdir: “Əlbəttə, onunla da razıyıq ki, yalnız test sisteminə arxalandığımız və repetitorluqdan keçən gənc müəllimləri irəli çəkib 65 yaşı tamam olan kimi sistemindən kənarda qoyduğumuz, Makarenko təlimi görmüş müdrik pedaqoqlara gəlin, yenidən qiymət verək. Uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta, normal fiziki qidalanmaya zamanı qalmır. Ona görə də psixoloji keçid mərhələsində olan yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrini dərin elmi araşdırmalarla təhlil etməliyik”.
Deputat Tənzilə Rüstəmxanlı çıxışında adət-ənənələrimizin yeni məna qazandığını bildirib: “Uşaqlara qarşı zorakılıqla bağlı özlərini mədəni və inkişaf etmiş sayan ölkələrdən dünyaya yayılan xəbərlər və görüntülər tarixin heç bir mərhələsində görünməyən dərəcədə dəhşətli bir səviyyəyə çatıb. Belə bir dövrdə xalqımızın böyük tarixi təcrübə əsasında formalaşdırdığı əxlaq normaları, milli dəyərlərimiz, adət-ənənələrimiz yeni bir məna və dəyər qazanır. Əgər biz bunları unudarıqsa, heç bir qanun uşaqlarımızın təhlükəsiz həyatını tam təmin edə bilməz. Azərbaycanda valideyn–övlad bağlılığı, dövlətə sədaqət, ailə nizamı və milli əxlaq bir-birini tamamlayan əsas sütunlardır. Bu, nadir və dəyərli bir modeldir. Biz bunu qorumalıyıq. Uşaqlarımızı qorumağın ən düzgün yollarından biri də öz milli adət-ənənələrimizi, minilliklərə söykənən tərbiyə və nəsil yetişdirmə təcrübəmizi qoruyub saxlamaq və cəmiyyətə ötürməkdir”.
Milli Məclisin sədri Sahibə Qafarova isə Tənzilə Rüstəmxanlının çıxışına irad tutub: “Tənzilə xanım, təşəkkür edirəm, çıxış etdiniz. Siz ailə dəyərlərinin nəzərə alınmalı olduğunu qeyd etdiniz. Lakin çıxışınızdan nöqsanlar hiss olunur. Guya bu dəyərlər ölkəmizdə lazımi səviyyədə qiymətləndirilməyib. Bu fikirlə razılaşmaq olmaz. Azərbaycanda ailə dəyərləri yüksək səviyyədə qorunur və bizim burada qəbul etdiyimiz qanunlar, eləcə də bu qanuna edilən təkliflər bunun açıq sübutudur. Düşünürəm ki, hər birimizin borcudur ki, bu reallıqları görək və onları açıq şəkildə ifadə etmək lazımdır”.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.