Ukraynanın azərbaycanlı qəhrəmanı: “Əvvəlcə mənə şübhə ilə yanaşdılar...” – FOTOLAR

Cəmiyyət

12.05.2023 - 10:25

Şamxal Quliyev: “Onlar çox təəccübləndilər ki, mən Ukraynada qalıb Azərbaycana qayıtmamağa qərar verdim”

Bu yaxınlarda Ukraynada yaşayan azərbaycanlı Şamxal Quliyev Kiyev vilayətinin hərbi idarəsi tərəfindən “Kiyevin və Kiyev vilayətinin müdafiəsinə görə” medalı ilə təltif edilib. AYNA Şamxal Quliyevlə müsahibəni təqdim edir:

- Zəhmət olmasa özünüz haqqında məlumat verin...

- 1982-ci ildə Azərbaycanın Bərdə rayonunda anadan olmuşam, sonradan ailəm Zaqatala rayonuna köçüb. Birinci Qarabağ müharibəsinin necə başladığını xatırlayıram. Atam müharibədən yetim qalan uşaqları evimizə gətirirdi. Uşaqlıqdan müharibənin dəhşətlərini görmüşəm və yaxınlarını itirməyin nə demək olduğunu yaxşı başa düşürəm. Bu səbəbdən Rusiyanın Ukraynaya təcavüzü başlayanda uşaqlığımın faciəli səhnələri yenidən gözümün önündə canlandı. Bütün bunları mən artıq on yaşımda doğma Azərbaycanda yaşamışam. Kiyevdə qalıb əhaliyə kömək etmək qərarına gəlməyimdə bir çox cəhətdən bunun rolu oldu. 18-ci ildir ki, Ukraynada yaşayıram. Bu ölkə mənim evimə çevrilib. Burada mənim evim, işim və mənə yaxın insanlar var.

Keçən il Kiyev demək olar ki, mühasirəyə alınmışdı. Düşmən şəhərdən cəmi 20 kilometr aralıda idi. Əhali təxliyə edildi, yalnız yaşlılar və özbaşına yola çıxa bilməyənlər qalmışdı. Şəhərdə ictimai nəqliyyat işləmir, ərzaq mağazaları və apteklər bağlanmışdı. Yollar və qatar stansiyaları müharibədən qaçan insanlarla dolu idi. Şəhərdə qalanlara kömək etməyə başladım. Onlara yemək və dərman çatdırırdım. Kiyevi tərk etmək istəyənləri çıxarırdım. Birinci Qarabağ müharibəsi zamanı mənim kimi müharibə qurbanlarına kömək edən atamın davranışı öz təsirini göstərdi. Və bu işlərimi reklam etmirdim. Mən müharibədən zərər çəkmiş əhaliyə, ölkəni müdafiə edən orduya fədakarcasına kömək edən sadə azərbaycanlıyam.

- Ukraynaya nə vaxt köçmüşünüz?

- 2006-2007-ci illərdə Azərbaycan Ordusunda hərbi xidməti başa vurduqdan sonra ali təhsil almaq üçün Ukraynaya gəlmişəm. Lakin universitetə daxil ola bilmədim və uyğun iş axtarmağa başladım. Daimi yaşayış icazəsi aldım. O zaman Dnepropetrovskda yaşayırdım. Sahibkar oldum, kiçik bizneslə məşğul oldum. Kiyevə köçəndən sonra hər şey biznes ətrafında cərəyan etdi və uşaqlıqdan biliyə can atsam da, heç vaxt ali təhsil ala bilmədim.

- Siz hansısa diaspor təşkilatının fəalısınız?

- Ukraynada Azərbaycan diasporunun çoxlu təşkilatları var, amma mən onların heç birinə üzv deyiləm, baxmayaraq ki, onların tədbirlərinə tez-tez dəvət alıram.

- Kiyev vilayətinin hərbi idarəsi sizi “Kiyevin və Kiyev vilayətinin müdafiəsinə görə” medalı ilə təltif edib. Bu necə oldu?

- Rusiya işğalının başladığı günün ertəsi mən Kiyev vilayətinin ərazi müdafiəsi qərargahına gəldim və öz köməyimi təklif etdim. Əvvəlcə mənə şübhə ilə yanaşdılar: Kiyevdə qalmağı qərara alan azərbaycanlı onlara öz köməyini təklif edir. Mən onlara yad idim, amma get-gedə rəğbət və hörmət qazandım. Əhaliyə və özünümüdafiə dəstələrinə humanitar yardımların çatdırılmasında fəal iştirak etmişəm. Mən Kiyev vilayətinin demək olar ki, hər bir qəsəbəsində olmuşam.

Bu il fevralın 24-də Kiyev vilayətinin müdafiəsində fəal iştirak edən bir qrup şəxs medallarla təltif edilib. Mənim adım da mükafatçılar sırasına daxil edilib. “Kiyevin və Kiyev vilayətinin müdafiəsinə görə” medalı ilə təltif edilən ilk azərbaycanlı oldum. Mənə zəng vurub mükafatlandırma mərasiminə dəvət etdilər, lakin o vaxt mən Kiyevdə deyildim, ona görə də medalı sonradan Kiyev vilayətinin hərbi idarəsinin ofisində mənə təqdim etdilər.

Xüsusilə qeyd edim ki, Ukraynada azərbaycanlılara çox hörmətlə yanaşırlar. Xüsusən də Ukraynanın ərazi bütövlüyünü müdafiə edərkən xeyli azərbaycanlının həlak olması fonunda. Bu, əksər ukraynalılar üçün sürpriz oldu. Onlar azərbaycanlıların onlarla çiyin-çiyinə vuruşduqlarını, digər soydaşlarının müharibədən zərər çəkmiş əhaliyə köməkliklərini öz gözləri ilə gördülər. Bəzən azərbaycanlı olduğuma belə inanmırdılar. Onlar çox təəccübləndilər ki, mən Ukraynada qalıb Azərbaycana qayıtmamağa qərar verdim.

- Bu gün Ukraynada müharibə ilə bağlı əhval-ruhiyyə necədir?

Hadisələr göstərdi ki, Rusiya ordusu döyüşə hazır deyil. Mariupoldan başqa heç bir böyük şəhəri tuta bilməyiblər. Rusiya raket və bomba zərbələri ilə müharibə aparır, amma ordusu bir neçə aydır kiçik Baxmutu işğal edə bilmir. Mart ayında ora humanitar yardım çatdırdım və hər şeyi öz gözlərimlə gördüm. Ukraynalılar işğalçıları qovmaq və torpaqlarını tez bir zamanda geri qaytarmaq əzmindədirlər.

Ukraynanın azərbaycanlı qəhrəmanı: “Əvvəlcə mənə şübhə ilə yanaşdılar...” – Ukraynanın azərbaycanlı qəhrəmanı: “Əvvəlcə mənə şübhə ilə yanaşdılar...” – Ukraynanın azərbaycanlı qəhrəmanı: “Əvvəlcə mənə şübhə ilə yanaşdılar...” – Ukraynanın azərbaycanlı qəhrəmanı: “Əvvəlcə mənə şübhə ilə yanaşdılar...” –
Müəllif: Asif Aydınlı