Ukraynanı Lenin, Polşanı Stalin “yaradıb” və… - Axmaqlığın zirvəsində

Dünya

28.07.2023 - 14:15

Yaxın Şərq isə İsveçrənin Lozanna şəhərində icad edilib…

Bu günlərdə Türkiyənin müstəqilliyinin tanındığı və Türkiyə Cümhuriyyətinin suveren dövlət elan edildiyi Lozanna sülh müqaviləsinin imzalanmasından 100 il ötdü. 1923-cü ilin iyulunda imzalanmış Lozanna müqaviləsi, nəhayət, keçmiş Osmanlı İmperiyası ərazisində Türkiyə, Yunanıstan, Suriya və İraq kimi yeni dövlətlərin sərhədlərini müəyyən etdi.

Osmanlı İmperiyasının xarabalıqları üzərində öz dövlətlərini yaratmaq üçün 1920-ci ildə tam olaraq imzalanmamış Sevr müqaviləsinə arxalanan kürdlər heç vaxt vəd edilən dövləti (1970-ci illərdə Şimali İraqda aldıqları muxtariyyəti nəzərə almasaq) ala bilmədilər, ermənilər isə SSRİ tərkibində, paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olan kiçik respublikanın yaradılması ilə kifayətlənməli oldular. Həmin İrəvan ki, Azərbaycan Xalq Cümhuriyyəti, xarici havadarların ermənilərə fəal hərbi-siyasi yardımı sayəsində, 9 may 1918-ci ildə güzəştə getməli olmuşdu.

Dünya tarixini yenidən yazmağı öhdəsinə götürən rus diktatoru bu səhifəni atladı: ya Putin Ərdoğana qarşı çıxmağa cəsarət etmədi (çünki, Ərdoğan yeganə dünya siyasətçisidir ki, bir rus qırıcısını vurur, Suriyada, Liviyada, Qarabağda ona problemlər yaradır və hətta Qara dənizdə rus donanmasını batıra bilər), ya da qocalıq unutqanlığından yadından çıxardı.

Lakin Kreml başçısı bugünlərdə Polşanın Stalin tərəfindən icad edildiyini kifayət qədər ciddi şəkildə elan etdi. O, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasında Polşanın qərb ərazilərini “Stalinin polyaklara hədiyyəsi” adlandırıb. Putinin sözlərinə görə, “Məhz Sovet İttifaqı sayəsində, Stalinin mövqeyi sayəsində Polşa Qərbdə əhəmiyyətli torpaqlar, Almaniya torpaqları aldı”.

Eyni zamanda, o, Almaniya ilə yanaşı, Ukrayna ilə Polşa arasında münasibətlərə nifaq toxumu səpməyə çalışıb və deyib ki, guya Polşa müharibəyə qarışıb Ukrayna ərazisinə öz əsgərlərini gətirmək, onun torpaqlarını ələ keçirmək istəyir.

Yeri gəlmişkən, Rusiya təbliğatı Ukraynanı genişmiqyaslı müharibənin lap əvvəlindən bu narrativi işə salmışdı. Təhlükəsizlik Şurasında, bildiyiniz kimi, öz fikri olmayan və yalnız liderinin dediklərini  təkrarlayan Xarici Kəşfiyyat İdarəsinin (XKİ) rəhbəri Narışkin, Polşanın Ukrayna ilə bağlı planlarını izləmək üçün ona verilən ilkin göstərişə cavab olaraq dedi: “Varşava öz qoşunlarını Qərbi Ukraynaya göndərə bilər, xüsusən də Qərbin məlumatlarına görə orada başa düşürlər ki, Ukraynanın varlığının yox olması zaman məsələsidir və buna görə də Polşa rəhbərliyi Ukraynanın qərb ərazilərində, qərb bölgələrində öz qoşunlarını yerləşdirməklə nəzarəti tətbiq etməkdə daha qətiyyətli olur”.

Eyni zamanda Putin Belarus rəhbərini də bu işə sürüklədi və dedi ki, Varşava da Belarus torpaqlarının bir hissəsini almaq istəyir. Ona görə də Putinlə həmrəy olaraq Aleksandr Lukaşenko da Sankt-Peterburqda onunla görüşdə qışqıraraq, Polşa hakimiyyətinin muzdlu döyüşçüləri sərhədə köçürdüyünü, Qərbi Ukrayna torpaqlarının Varşavaya verilməsinin qəbuledilməz olduğunu söylədi. Sonra o, söz atdı: ““Vaqnerçilər” Varşavaya getmək istəyirlər. Bəlkə, deməməliydim, amma deyəcəyəm: “Vaqner” bizi sıxmağa başlayıb. “Biz Qərbə getmək istəyirik. Bizə icazə verin” deyirlər. Deyirəm ki, Qərbə getmək nəyə lazımdır? Yaxşı, Varşavaya, Rzeşova ekskursiyaya gedin”.

Sözünü sübut etmək üçün o, hətta, Putinlə görüşə Polşa silahlı qüvvələrinin İttifaq dövlətinin sərhədlərinə köçürülməsi ilə bağlı xəritəni də gətirib - "Görürük - zəmin hazırlanır".

Təbii ki, nə Polşanın özü, nə də bu ölkənin üzvü olduğu NATO, Ukraynanın və “Vaqner”in Belarus ərazisindən Polşanı təhdid edən əks-hücumu barədə Putin və Lukaşenkonun başlatdığı informasiya əməliyyatını cavabsız qoyacaq. Polşa hökumətinin başçısı Mateuş Moravetski artıq Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırışını elan edib və Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak bildirib ki, Polşa Belarus və Rusiyanın Kalininqrad vilayəti arasında yerləşən Suvalk dəhlizində, Avqustov şəhərində yerləşəcək istehkamçı batalyon yaradacaq: “Bu, bizim sıfırdan tikdiyimiz başqa bir hərbi hissədir və sizi əmin edirəm, bu, sonuncu olmayacaq. Polşa əsgərlərini ölkənin təhlükəsizliyinin ən yaxşı təminatı hesab edirik”.

Budur, Putinin işğaldan il yarım əvvəl yazdığı “Rusların və ukraynalıların tarixi birliyi haqqında” məqaləsini xatırlamağın vaxtıdır. Putin demək olar ki, birbaşa deyir ki, Moskva Ukraynanın “anti-Rusiya”ya çevrilməsinə imkan verməyəcək. Və əks halda “ölkənin məhvi” ilə təhdid edir. Putin “iki qardaş xalq” anlayışını “Ukraynalılar və ruslar bir xalqdır”, “Bolşeviklər ədalətsiz olaraq tarixi Rusiyanın ərazilərinin bir hissəsini Ukraynaya veriblər”, “Ukraynalıları vahid xalqın içindən çıxarıb anti-Rusiyaya çevirməyə çalışırlar” anlayışı ilə əvəz edir. “Rusiya faktiki qarət edilib. Qərbə Rusiyaya qarşı platsdarm, anti-Rusiya lazımdır, amma biz Ukraynanın tamamilə anti-Rusiyaya çevrilməsinə imkan verməyəcək” deyir.

Sonra hər şey əvvəlcədən yazılmış ssenari üzrə getdi. 2021-ci ilin mart-aprel aylarında Rusiya ilk dəfə yüz mindən çox ordunu Ukrayna ilə sərhədə çəkdi, dekabrda artıq NATO-ya ultimatum verdi - "şələ-küləni yığ və 1997-ci il sərhədlərinə qayıt" və sonra MÜHARİBƏ oldu! İkinci Dünya Müharibəsindən sonra Avropada ən dəhşətli, qanlı və qəddar müharibə.

İndi də Putin eyni şeyi Polşa haqqında deyir. Polşaya hücum edəcəkmi? NATO ölkəsinə? Xüsusilə "dünyanın ikinci ordusu" saydığı, amma nəinki Ukraynada ikinci, həm də “Vaqner”dən sonra Rusiyanın özündə ikinci olan ordu ilə? Nə ilə gedəcək? Hansı silahlar və hansı ordu ilə? Priqojini NATO-nun qabağına atacaq? Bəli, o, Baxmutu 9 ay ərzində santimetrlərlə, zülmlə götürdü, sonda qərar verdi - Moskvanı götürmək daha asandır. Yeri gəlmişkən, sonuncuda o, uğur qazandı...

Müəllif: Mira Həsənova