“Ukraynada yaşayan azərbaycanlılar həm döyüşür, həm də orduya hərtərəfli yardım edirlər”

Aktual

13.12.2022 - 10:18

Kiyevdə yaşayan azərbaycanlı redaktor: “Kreml düşünürdü ki, enerji infrastrukturu hədəfə alınarsa, elektrik enerjisinin kəsilərsə, bu, ukraynalıların öz hökumətlərinə qarşı narazılığına səbəb olacaq, lakin əksi oldu”

Ukraynanın “QIRIM.News” internet nəşrinin redaktoru, Kiyevdə yaşayan azərbaycanlı Asif Əliyev AYNA-ya müsahibəsində Ukraynada yaşaşan müharibə və oradakı soydaşlarımızın vəziyyəti barədə danışıb. Beləliklə:

- Kiyevdə vəziyyət necədir?

- Şəhər öz həyatını yaşayır. Kiyevdə saat 23:00-dan 05:00-a kimi komendant saatı hökm sürür. Dərman və ərzaq alınmasında heç bir problem yoxdur. Hava hücumu sirenləri və küçədə hərbi geyimdə olan insanlar istisna olmaqla, Kiyev bu ilin fevral və mart aylarında Rusiya təcavüzünün başladığı dövrə bənzəmir. Şəhərdə kifayət qədər dinc həyat hiss olunur, teatrlar, kinoteatrlar işləyir. Restoranlar, kafelər var. Düzdür, komendant saatı bir saatdan sonra başladığı üçün saat 22:00-a qədər işləyirlər.

Əhalini əziyyətə salan yeganə şey elektrik enerjisi ilə bağlı problemdir. Bütün Ukraynada elektrik enerjisinin kəsilməsi qrafiki var. 12 saat ərzində növbələrlə baş verir. 4 saata bölünür, yəni hər dörd saatdan bir elektrik enerjisini kəsirlər. Amma bununla yanaşı, qrafikə uyğun olmayan elektrik enerjisində fövqəladə fasilələr də var.

Kiyevin Dnepr çayının sol sahilində yerləşən hissəsində daha çətin vəziyyət davam edir. Bunlar nəhəng yaşayış məntəqələridir. Praktiki olaraq heç bir kəsilmə cədvəli yoxdur. Ümumiyyətlə, Kiyev adi həyatını yaşayır. Şəhər meri Yeni il ərəfəsində Sofiya meydanında yolkanın bəzədiləcəyini bildirdi.

- Bəs Kiyev sakinlərinin əhval-ruhiyyəsi necədir? Evakuasiya elan edildikdən sonra onlar evlərinə qayıdıblarmı?

- Sakinlərin əksəriyyəti yazın sonu və ya yayın əvvəlində Kiyevə qayıtdı. Yaşadığım yaşayış binasından danışa bilərəm. Qonşularımın 80 faizi qayıdıb. Bütün ölkənin sakinləri mübariz ruha malikdir, heç kim panikaya düşmür. Xüsusilə Rusiya ordusu Ukraynanın enerji infrastrukturunu özünə hədəf seçdikdən sonra insanlar təcavüzkara daha çox qəzəblənirlər. Kreml elektrik enerjisinin kəsilməsinin ukraynalılar arasında öz hökumətlərinə qarşı narazılığa səbəb olacağını düşünürdü, lakin bunun əksi oldu. Hər kəsə aydın olur ki, bu yolla Rusiya rəhbərliyi Ukraynanın genişliyində məğlubiyyətə uğrayan ordusunu xilas etməyə çalışır.

Ukrayna ordusu bu ilin fevralından düşmən tərəfindən ələ keçirilən ərazilərin təxminən 50 faizini artıq azad edib. Ukraynada çox güclü könüllülər hərəkatı var. Çoxları orduya və qaçqınlara maddi yardım edir. Təkcə Kiyevdə 100 min sakin cəbhəyə getdi. Hamı Ukrayna ordusunun növbəti qələbələrini və işğal olunmuş torpaqların tezliklə azad olunmasını gözləyir.

- Kiyevdə həmyerliləriniz azərbaycanlılar qalıbmı?

- 2008-ci ildən Bakıdan Kiyevə köçmüşəm və bu müddət ərzində bir çox azərbaycanlı ilə tanış ola bildim. May ayında Almaniyaya təxliyə olunan bir azərbaycanlı ailə Kiyevə qayıdıb. Hərdən onları görürəm, müharibənin tez bitməsindən danışırıq. Ukraynada yaşayanlar Ukrayna ordusuna fəal dəstək verir və hərtərəfli yardım göstərirlər. Çoxları döyüşür, Ukrayna uğrunda həlak olanlar var.

- Ukraynada Azərbaycana necə yanaşırlar?

- Ümumiyyətlə, Azərbaycana münasibət çox müsbətdir. Bu, 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra xüsusilə müsbət hal alıb. O zaman çoxları Azərbaycanı örnək olaraq torpaqlarını hərbi yolla azad etmək qərarına gələn ölkə kimi göstərirdilər. Bundan əlavə, mən artıq dedim ki, bir çox azərbaycanlı işğalçıya qarşı vuruşur, hətta bəziləri igidlik göstərərək, həlak olublar. Ukrayna Azərbaycanın göstərdiyi humanitar yardımı da yüksək qiymətləndirir.

- Ukraynada müharibənin bitməsi ilə bağlı nə düşünürlər?

- Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krım və Donbass da daxil olmaqla bütün işğal olunmuş ərazilərdən qoşunlarını çıxarması şərti ilə danışıqlara hazır olduğunu bildirib. Bu, düzgün mövqedir. Danışıqlar əsaslı olmalıdır. Rusiya faktdan sonra danışıqların aparılmasını istəyir və qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa hazır deyil. Rusiya hətta sentyabr ayında özünü DXR və LXR elan edən, həmçinin Xerson və Zaporojye vilayətlərini “birləşmək” üçün “referendum”lar keçirdi.

Bir çox ekspertlər müharibənin 2023-cü ilin yayına qədər bitəcəyinə inanırlar. Onlar hərbi ekspertlərin arqumentlərinə əsaslanaraq bu qənaətə gəlirlər. Ukrayna ordusu 1991-ci il dövlət sərhədinə çatmaq üçün uğurlu əks-hücum əməliyyatları keçirir və yaşayış məntəqələrini azad edir.

Qərb ölkələri Ukraynaya aktiv şəkildə silah yardımı edir. İyulda cəbhədə vəziyyət kəskin şəkildə dəyişdi, rus ordusunun gücü tükəndi. Sentyabrda Xarkov vilayətində yaşayış məntəqələri, noyabrda isə Ukrayna ordusu Xersonu geri qaytarıb. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti il işğal altında olan torpaqların daha da azad edilməsində həlledici olacaq.

Müəllif: Asif Aydınlı