Tofiq Yaqublunun azad olunması üçün danışıqlar aparılır

Aktual

09.09.2020 - 18:16

Hökumətlə danışıqları İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun adından Novella Cəfəroğlu aparır  

 

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun hüquq müdafiəçi üzvləri Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər.

 

AYNA xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Əvəz Həsənov məlumat verib. O, bildirib ki, hökumətlə danışıqlara hüquq müdafiəçisi Novella Cəfəroğlu cəlb edilib: “Biz Tofiq Yaqubluya aclıq aksiyasını dayandırmaqla bağlı müraciət etmək niyyətindəyik. Onun canına qəsd etməsini istəmirik”.

 

“Ümid edirik ki, tez bir zamanda Tofiq Yaqublunun azad olunması üçün prosedur müəyyən olunacaq. Və o, azadlığa çıxacaq”, - deyə Həsənov qeyd edib.

 

Qeyd edək ki, T.Yaqublu Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir. Yaqublunun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

 

Xatırladaq ki, hökmə etiraz edən T.Yaqublu artıq 8 gündür ki, həbsxanada aclıq aksiyası keçirir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə