"Təmir briqadalarının təhlükəsiz girişini təmin etmək üçün mina təmizləmə işləri davam edir"
Ukrayna və Rusiya ehtiyat elektrik xətlərində vacib təmir işlərinin aparılmasına imkan vermək üçün Zaporojye Atom Elektrik Stansiyası (AES) yaxınlığında yerli atəşkəs barədə razılığa gəliblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.
Qeyd edək ki, MAQATE-nin vasitəçiliyi ilə Zaporojye AES-in 330 kV-luq ehtiyat enerji təchizatını bərpa etmək məqsədi daşıyan daha bir yerli atəşkəs hazırda qüvvədədir.
MAQATE-nin baş direktoru Rafael Qrossi qeyd edib ki, "təmir briqadalarının təhlükəsiz girişini təmin etmək üçün mina təmizləmə işləri davam edir".
“Reuters” yazıb ki, Rusiya rəsmilərinin sözlərinə görə, xarici elektrik xətlərindən biri hələ də işləyir, digərinin təmiri isə ən azı bir həftə çəkəcək. Zaporojye AES ərazisində radiasiya səviyyəsi normal həddədir.