Ukrayna Prezident Aparatının rəhbərinin evində axtarış aparılıb

Dünya

28.11.2025 - 13:26

Andrey Yermak: "Müstəntiqlər heç bir maneə ilə üzləşmirlər”

Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) əməkdaşları Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki iqamətgahında axtarış aparıb. AYNA.AZ bu barədə Ukrayna mediasına istinadən bildirir.

"İstintaq hərəkətlərinə icazə verilib və istintaqın bir hissəsi kimi axtarış aparılıb. Təfərrüatlar daha sonra açıqlanacaq", - NABU-dan qeyd edilib. SAPO da oxşar bəyanat yayıb.

“Ukrainska Pravda” nın məlumatına görə , hökumət məhəlləsinə təxminən 10 NABU və SAPO zabiti daxil olub. Yermakın evində konkret nə ilə bağlı axtarış aparıldığı hazırda məlum deyil.

Ukrayna Prezident Aparatının rəhbəri axtarışların iş yerində deyil, evində aparıldığını təsdiqləyib. Yermak “Telegram”da yazıb: "Müstəntiqlər heç bir maneə ilə üzləşmirlər. Onlara mənzilə tam giriş imkanı verilib, vəkillərim isə yerindədirlər, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Mən tam əməkdaşlığı təmin edirəm".

Xatırladaq ki, noyabrın əvvəlində NABU Ukraynadakı bütün atom elektrik stansiyalarını idarə edən “Energoatom” şirkətində irimiqyaslı mənimsəmə faktının üstü açıldığını elan edib. Sxemi Prezident Volodimir Zelenskinin keçmiş biznes ortağı və dostu, “Kvartal 95” studiyasının həmsahibi Timur Mindiç hazırlayıb. Eyni zamanda, yüksək vəzifəli məmurlar mümkün faydalananlar kimi müəyyən edilib. “Ukrayinska Pravda”nın yazdığına görə, korrupsiya işi üzrə axtarışlara bir neçə saat qalmış Mindiç İsrailə gedib və bu günə kimi oradadır. Cinayət işinin materiallarında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Rustem Umerovun da adı çəkilib. Noyabrın 25-də NABU-nun müstəntiqləri Umerovu şahid qismində çağırıb və dindiriblər.

NABU-nun araşdırması zamanı xəbərlər yayılıb ki, Zelenskinin tərəfdarları və əleyhdarları korrupsiya qalmaqalı fonunda xalqın hökumətə inamını bərpa etmək üçün Yermakı işdən çıxarmağa çağırıblar. Lakin Ukrayna Prezidenti bundan imtina edib . Bu arada, NABU direktoru Semyon Kryvonos Ali Radanın Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Komitəsinin iclasında “Energoatom”un təhqiqatının genişləndiriləcəyini qeyd edib . O bildirib ki, müstəntiqlər müxtəlif adlar, şirkətlər və hadisələrlə bağlı minlərlə saatlıq yazıları dinləyir və bir çox şeylər "daha da aydınlaşır". Kryvonos bu işdə yeni müttəhimlərin ortaya çıxacağına əmin olduğunu bildirib.

“Energoatom” işi Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanlarının son illərdə apardığı ən böyük araşdırmadır. Əməliyyat təxminən 15 ay davam edib və artıq energetika naziri Svitlana Qrinçukun və ədliyyə naziri Herman Qaluşenkonun işdən çıxarılmasına səbəb olub. NABU iddia edir ki, digər hüquq-mühafizə orqanları enerji sektorunda korrupsiyadan xəbərdar olublar, lakin onu ifşa etməyə cəhd göstərməyiblər. Bundan başqa, bürodan verilən məlumata görə, iş üzrə təqsirləndirilən şəxslər “Təhlükəsiz şəhər” sistemi də daxil olmaqla, NABU əməkdaşlarının hərəkətini izləyiblər.

Noyabrın 10-da Mindiçin evində aparılan axtarışlardan sonra NABU və SAPO öz hərəkətlərinə görə cavab hədələri almağa başlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş