Yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələri Danimarkadan F-16 qırıcılarının partiyasını alacaq
Ukraynanın Qərb ölkələrindən aldığı F-16 qırıcılarının ilk partiyasına altı təyyarə daxil olub. Onlar Kiyevə Hollandiya tərəfindən təhvil verilib. AYNA xəbər verir ki, bu barədə “The Times” yazır.
Nəşrin mənbəsinin sözlərinə görə, yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələri Danimarkadan F-16 qırıcılarının partiyasını alacaq. Dəqiq çatdırılma tarixləri göstərilmir.
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak F-16-nın Ukraynaya gəlməsi ilə bağlı məlumatı təsdiqləməyib və qeyd edib ki, Kiyev üçün “bu, sağ qalma faktorudur”.
“Bloomberg” daha əvvəl ölkəyə ilk F-16-ların çatdırılması barədə yazmışdı. “The Telegraph” isə yazır ki, onlar artıq döyüş tapşırıqlarını yerinə yetiriblər və hava hücumundan müdafiə üçün istifadə olunublar.
Britaniyanın “Tayms” qəzetinin yazdığına görə, növbəti il ərzində Ukrayna Belçika və Norveç də daxil olmaqla 20-yə yaxın F-16 qırıcısı almalıdır.
Nəşr qeyd edir ki, uzunmüddətli perspektivdə bu dörd Avropa ölkəsi Ukrayna Silahlı Qüvvələrini 80-ə yaxın qırıcı ilə təmin etməyi vəd edib, lakin onların çoxu ehtiyat hissələri üçün istifadə olunacaq.