Uğursuz ailələrin romanı xoşbəxt sonluqla bitmir

Cəmiyyət

02.02.2022 - 20:59

Və ya Hacı Zeynalabdinin dediyini bu gün də anlamayan cəmiyyət

Korifey sənətkarlarımız Nəsibə Zeynalova və Lütfəli Abdullayevin ifasında bir elçilik səhnəsi var. Ana (N.Zeynalova) oğlu Qoşunun (L.Abdullayev) ehtimal etdiyi qayınatasına nə üçün onun qızına elçi düşməyini belə izah edir: “Təzəyimiz tökülüb qalıb ortalıqda, onu divarlara yapan lazımdır, ya yox?! Həyət-bacanı silib-süpürən lazımdır, ya yox?... Gəlsin otursun, Allah verəndən yesin, Tanrısına təpik atmasın! Şümal kimi əri, bəzəkli evi, daha nə dərdi var?”.

Erkən evlilik, bədbəxt edilən qızcığazlar haqqında çox danışılıb. Bu mövzuda xəbərlərə tez-tez rast gəlirik. Biri də elə bu günlərdə qarşıma çıxdı. Bildirilirdi ki, sosial şəbəkələrdə Masallıda 13 yaşlı qızın nişanlanması ilə bağlı məlumat yayılıb. Jurnalist araşdırmasından sonra isə məlum olub ki, sözügedən Jalə adlı qızın əslində 15 yaşı var. Onu Təzə Alvadı kəndində 28 yaşlı şəxslə nişanlayıblar.

Jalənin anasının sözlərinə görə, onlar sadəcə “həri” mərasimi keçirib, toy üçün qızın 18 yaşının tamam olmasını gözləyəcəklər. O da qeyd olunur ki, 15 yaşlı qız bir zamanlar ailəsi ilə birgə Lənkəranda yaşayıb. Lakin ata və anası boşandıqdan sonra 4 ildir ki, Masallı rayonunun Təzə Alvadı kəndində anası və bacısı ilə yaşayır. Jalə Lənkəran və Masallıda təhsildən yayınmasına görə ərazi icra nümayəndəsi və məktəb direktoru tərəfindən fərdi təhsilə cəlb olunub.

Bu xəbər əslində toxunmaq istədiyimiz problemin əsas başvermə səbəblərinə işıq tutur.

Çox təəssüf ki, əksər hallarda erkən nikaha cəlb edilən qızlar xoşbəxt olmayan ailələrin yetirmələridir. Ya ailədə münaqişələr yaşanır, ya valideynlər boşanıblar, ya da münasibətlər bərabərlik, sevgi və anlaşma üzərində deyil, daha çox heyvani instinktlər üzərində təşəkkül tapıb. Uşaq isə ailədə bir çox dəyərləri, bacarıqları əxz edir, o cümlədən xoşbəxt olmağı. Xoşbəxt olmayan isə özü də böyüyüb heç kimi xoşbəxt edə bilməz. Çünki bunun sirrini bilmir.

Bəli, hər qaydanın öz istisnası ola bilər. Amma qayda qaydalığında qalmaqdadır. Uğursuz ailənin romanı “happy end”lə bitmir, faciə xarakterli olur. Nəticədə 15-16 yaşlı qız əksər hallarda bir faciədən digərinə, keyfiyyətcə daha dəhşətlisinə adlayır.      

Təzə Alvadı kəndində baş verən hadisəni əks etdirən xəbərlərdə diqqəti cəlb edən daha bir məqam isə təhsilə, maarifə münasibətdir: “Jalə Lənkəran və Masallıda təhsildən yayınmasına görə ərazi icra nümayəndəsi və məktəb direktoru tərəfindən fərdi təhsilə cəlb olunub”.

Təəssüf ki, Hacı Zeynalabdin Tağıyevin 1 əsr öncə söylədikləri hələ də camaatımız tərəfindən tam anlaşılmayıb, mənimsənilməyib, iliyə işləməyib: “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”. Və erkən nikahların böyük əksəriyyəti də məhz təhsildən, maarifdən uzaq düşmüş, cəhalət hökm sürən ailələrdə qeydə alınır.

O ki qaldı erkən nikahların daha çox rast gəlindiyi bölgələrə... Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov ötən il açıqlamalarının birində bildirmişdi ki, bu gün erkən nikah əsasən Bakı kəndlərində qeydə alınır, regionlardan isə siyahıya Şəki zonası başçılıq edir: "Ölkə üzrə erkən nikaha görə Bakı kəndləri öndədir. İkinci yeri Şəki zonası, üçüncü yeri Gəncəbasar, dörd və beşinci yerləri cənub bölgəsi tutur. Halbuki cənub bölgəsi illər öncə erkən nikaha görə daha öncül yerlərdə qərarlaşırdı. Aparılan maarifləndirmə işləri bu sahədə vəziyyəti yaxşılaşdırıb".

Əlbəttə ki, statistikaya qarşı nə isə söyləmək əvvəlcədən uğursuzluğa məhkumdur. Biz sadəcə düşünmək mövzusu olaraq bir qeydimizi diqqətə çatdıraq: əksər hallarda erkən nikaha daxil olanlar bu addımlarını ictimailəşdirmirlər və VVAQ şöbəsində qeydiyyata düşmürlər, sadəcə İslam qaydalarına uyğun kəbin kəsdirməklə kifayətlənirlər. Təbii ki, bu hallar statistik rəqəmlərdə əksini tapmır. Bu isə o deməkdir ki, real vəziyyəti dəqiq heç kim bilmir...

Yazının əvvəlində korifeyləri xatırlamağımız da əbəs deyildi. Təəssüf ki, bu gün mərhum aktrisamızın canlandırdığı obrazlar ölkədə tükənib bitməyib. 15-16 yaşlı qızlara, əsasən də rayonlarımızda, kəndlərimizdə məhz bu məqsədlə fata geyindirənlər var. Onlara gələcək ana, ailə ocağının qoruyucusu kimi, sadəcə təsərrüfatdakı əlavə işçi qüvvəsi kimi baxırlar.

Və yenə də hər şey dönür təhsilə, savada, dünyagörüşünə və maarifə. Bu sadalananlar olmadıqca, Nəsibə xanımın canlandırdığı obraz da aktuallığını qoruyacaq.

Sonda isə yenə ümid edək ki, ölkədəki bu acınacaqlı durum nə zamansa aradan qalxacaq. Bu isə ancaq dövlətin qanunverici və icra orqanlarının fəaliyyətindən asılı deyil. Bu duruma cəmiyyət bütövlükdə, yekdil və həmrəy olaraq əlac edə bilər.

Müəllif: Polad Xudayarlı