Türklüyün və müsəlmanlığın ikinci şahlanışı: <font color=red> O, nə gözəl bir komandan…</font>

Maraqlı

24.07.2020 - 18:31

İbrahim Nəbioğlu: “Altaylardan gəlib Anadolunu yurd edən və millət öz gücünü göstərməlyidi”

 

Bu gün Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəllər provoslov kilsəsi olan, sonradan isə məscid kimi fəaliyyət göstərən Aya Sofya məbədi 86 ildən sonra yenidən ibadətə açıldı və Aya Sofya məscidində ilk cümə namazı qılındı. Aya Sofya məbədi bir zamanlar Bizans İmperiyasının (Şərqi Roma) “qızıl əsrinin” simvolu hesab edilsə də, Osmanlı İmepriyasının 7-ci sultanı Mehmet Fateh trəfindən 1453-cü ilin 6 aprel-29 may tarixiləri arasında İstanbulun fəthi ilə türklərə məxsus olur və məscid kimi fəaliyyət göstərməyə başlayır.

 

Avropa ilə Asiyanı bir-birindən ayıran “qızıl körpü” hesab edilən İstanbulun Aya Sofyası müsəlmanlar üçün müqəddəs olduğu qədər, xristianlar üçün də müqəddəs hesab edilib, indi də edilir. Buna səbəb isə xristianların Aya Sofya ilə bağlı mənəvi bağlarının olmasıdır. Təbii ki, bu mənəvi bağlar dini amillərlə yanaşı, həm də siyasi mövzularla əlaqəlidir.

 

Aya Sofyanın xristianlar üçün müqəddəs olmasının isə bir sıra səbəbləri var. Bunlardan bir neçəsi ilə tanış olaq.

 

Rəvayətlər

 

Belə ki, xristian inancına görə, İstanbulun fəthi zamanı Aya Sofyada vəz verən keşiş xristianlar üçün müqəddəs hesab edilən kasanın müsəlmanların əlinə keçməməsi üçün kilsənin qapısından çıxıb qeyb olur.

 

Xristianlığın digər bir inancına görə, İsa Peyğəmbərin müqəddəs əmanətləri məhz Aya Sofyada qorunub. Bununla yanaşı, Aya Sofyada yerləşən “Dilək sütunu” da xristianlar üçün müqəddəs hesab edilir. Xristianlar hesab edirlər ki, həmin sütun bir zamanlar Həzrəti Məryəmin evində olub. Həzrəti Məryəm Həzrəti İsaya işgəncə edildiyini eşidəndə ağlamağa başlayır və gözyaşları həmin sütunu əridir.

 

Təbii ki, Aya Sofya xristianlar qədər müsəlmanlar üçün də müqəddəsdir və mühüm əhəmiyyət kəsb edir. Bunun bir səbəbi Aya Sofyanın İslam məbədinə çevrilməsi, siyasi amillərlə bağlı olsa da, digəri İslam inancları ilə əlaqəlidir.

 

Belə ki, rəvayətə görə, Fateh Sultan Mehmet İstanbulu fəth etdikdən sonra cümə namazını Aya Sofyada qılmaq istəyir. Lakin namaz əsnasında iki dəfə namazı pozur. Namazı ancaq üç dəfəyə qıldıra bilir. Məsciddəkilər bunun səbəbini soruşanda Sultan belə cavab verir: “İstədim ki, namaz əsnasında mənə və bütün camaata Kəbə görünsün. Buna görə də birinci və ikinci təkbirlərdə Kəbə görünmədiyi üçün namazı pozdum, ancaq üçüncü təkbirdə Kəbə gözlərimin önünə gəldi”.

 

Sultan Mehmetin müəllimi Ağşəmsəddin isə hadisəni belə təsvir edib: “Həzrəti Xızır namazda saf tutmaq üçün məscidə gəlir. Elə o əsnada barmağını Məryəm ananın ağlayan sütununa vurub Aya Sofyanın istiqamətini qibləyə tərəf çevirdi. Ondan sonra da namaza durdu. Beləliklə, padşah üçüncü dəfə təkbir gətirdikdən sonra Kəbəni qarşısında gördü”.

 

Müsəlmanların digər inancına görə isə, Aya Sofyadakı sütunların birində Qiyamət gününün tarixi yazılıb. Sütunun üzərində belə yazılıb: “On səkkizində Yevm-i Pazar, il 1038”.

 

İnşası

 

Bir az da Aya Sofyanın inşa tarixindən danışaq. İnşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilərək istifadə olunub, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınıb. Xüsusən də Əyriboğaz adasından açıq yaşıl, Əlcəzairdən sarı rəngli, Siqadan çəhrayı, cənub-qərbi Anadoludan ağ qırmızı mərmərlər gətirilərək tikintdə istifadə edilib. Gündə min usta və on min işçinin çalışması ilə 5 il 11 ay 10 günə inşaat başa çatıb.

 

Aya Sofya müxtəlif dövrlərdə böyük təhlükələrlə qarşılaşıb, hündürlüyü 55,60 metr, eni 31,36 metr olan dövrün möcüzəsi kimi qiymətləndirilən qübbəsi genişliyi 1,1 metr olan 40 dirəyə söykənir. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır, açılan 40 pəncərə onun bol işıq almasına səbəb olur.

 

86 il sonra…

Bu gün isə İstanbul fəthinin simvolu, Fateh Sultan Mehmet Xanın əmanəti, İslam aləminin yeniden ibadətə açılmasını həyəcanla gözlədiyi Aya Sofyada 86 il sonra ilk cümə namazı qılındı. Belə ki, 477 il məscid kimi ibadətə açıq olan Aya Sofya 1930-1935 illər arasında restavrasiya edilmiş, 1934-cü il 24 noyabr tarixində muzeyə çevrilmişdi.

 

İstanbul və Şuşa

 

Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu, tanınmış yazar və publisist İbrahim Nəbioğlu mövzu ilə bağlı fikirlərini AYNA ilə bölüşüb. O, əvvəlcə Şuşa ilə İstanbulu müqayisə edən və sosial şəbəkələrdə müzakirələrə səbəb olan yazısındakı fikirlərinə aydınlıq gətirib: “Mən Şuşa ilə İstanbul arasında paralellik aparmışam və Şuşanı görmüş orta nəslin nümayəndəsi kimi, deyə bilərəm ki, çox gözəl haldır ki, indiki iyul hadisələrində xalqın birliyinə, vətən sevgisinin şahlanışına şahid olduq. Onsuz da bu hadisələrdən əvvəl də mən əmin idim, indi də bir daha əmin oldum ki, bu, belədir”.

“Çox maarqlı bir məqam var ki, istər Türkiyədə, istərsə də Türkiyənin xaricində yaşayan bəzi adamlar Aya Sofyanın ibadətə açılmasını Türkiyənin ikinci dəfə müstəqilliyini elan etməsi kimi qarşılayırlar. Çünki bu günə qədər xristian dünyasından, xüsusilə də pravoslavlardan çox ciddi təzyiqlər var idi. Bunun da məlum olduğu kimi, dünyada iki təsirli gücü var: 1-i pravoslavların ən güclü olduğu Rusiyadır, digəri isə Avropa İttifaqının üzvü olan və Türkiyə ilə ənənəvi olaraq problemli ölkə olan Yunanıstandır. Hətta, dünən axşam yunan pravoslav kilsəsi və onun lideri iyulun 24-nü Yunanıstanda matəm günü elan elədi və bayraqlar yarıya kimi endirildi. Təbii ki, bütün müsəlman aləmində bu hadisə əks-sədaya səbəb olub. Amma bunun ən böyük əks-sədası Türkiyədə, xüsusən də İstanbulda oldu. Düzdür, pandemiyaya görə bu gün Aya Sofyaya 1000 nəfərdən artıq insan qəbul etmədilər, amma milyonu aşan insan seli meydanı və ətraf bölgələri doldurmuşdu”, - Nəbioğlu deyib.

 

O, qeyd olunan əks-sədanın səbəbini belə izah edib: “Çünki Aya Sofya İstanbulun alınması deməkdir. Aya Sofya qılınc haqqı deməkdir. Aya Sofya İstanbulun fəthinin simvoludur. Yəni çərşəmbə axşamı müzəffər ordunun İstanbula girməyi və üç gün ərzində oranı məscidə çevirməsi tarixin axınını dəyişdirən bir hadisədir. Çünki bütün tarixçilər də 29 may 1453-cü ili bir dövrün bitib, yeni dövrün başlaması kimi qiymətləndirirlər. İndi də bəzi insanlar bunu türklüyün və müsəlmanlığın ikinci şahlanışı olaraq dəyərləndirirlər. Ona görə də bu hadisə böyük izdihama səbəb oldu”.

 

“Təbii ki, burada Prezident Ərdoğanın mətanətini də xüsusi qeyd etmək lazımdır. Düzdür, bu günə qədər həm Turqut Özal, həm Süleyman Dəmirəl müəyyən addımlar atmışdılar. Lakin bu hadisə bu günə qismət oldu. Amma burada bir şeyi xüsusi qeyd edim ki, bəzi adamlar Atatürkün Aya Sofyanı muzey etməsini, yeni iqtidarın isə məscid etməsini deyir və gileylənirlər. Amma məsələ burasındadır ki, Aya Sofya onsuz da məscid idi və müəyyən icazələrlə orada namaz da qılınırdı. Sadəcə olaraq, 1934-35-ci illərdə Türkiyəyə olan təzyiqlər, İkinci Dünya Müharibəsinin ayaq səsləri, Avropadakı təlatümlər, Türkiyə Cümhuriyyətinin yeni qurulduğu üçün iqtisadi cəhətdən zəif olması Atatürkü bu addımı atmağa vadar etmişdi. Zaman da, tarix də bir daha göstərdi ki, Atatürkün atdığı addım ən düzgün addım idi”, - müsahibimiz vurğulayıb.

İ.Nəbioğlu başqa bir məqama da diqqət çəkib: “Ən maraqlısı isə odur ki, Aya Sofyanın ibadətə açılması Türkiyədə müxtəlif fikirlərə səbəb olsa da, xaricdə bu, hiss olunmadı. Məsələn, protestant, yevangelist cərəyanların güclü olduğu ABŞ demək olar ki, səsini çıxarmadı. Katolik və protestantlardan ibarət Almaniya sakit reaksiya bildirdi. Hətta, Rusiya belə, bunun Türkiyənin daxili məsələsi və haqqı olduğunu bildirdi. Çünki pravoslav dünyasna rəsmi Ankara söz verdi ki, Aya Sofya hər zaman muzey kimi də fəaliyyət göstərəcək. Oxucularıma təklif edirəm ki, Aya Sofyanın tarixinə baxsınlar (red: Pravoslav kilsəsi 537-1204, Katolik kilsəsi 1204-1261, Pravoslav kilsəsi 1261-1453, Cami 1453-1934, Muzey 1935-2020, Cami 2020). Buradan da göründüyü kimi tarixlərə baxanda görürük ki, Aya Sofya 481 il cami (məscid) kimi fəaliyyət göstərib və müsəlamanlar hər zaman burada ibadət ediblər. Bu baxımdan da buna müxtəlif don geydirmək əbəsdir”.

 

Sabiq Baş konsul əlavə edib ki, bu hadisə ilə türklər öz gücünü bir daha göstəriblər: “Məhəmməd Peyğəmbər də İstanbulun fəthini müjdələyib və “İstanbul bir gün fəth ediləcək. Onu fəth edən komandan nə gözəl komandan, fəth edən ordu nə gözəl ordudur”, - deyib. Yəni Altaylardan gəlib Anadolunu yurd edən və bu müjdə ilə yaşayan ulus təbii ki, öz gücünü göstərməlyidi. Bu gün Aya Sofyada qılınan cümə namazında da Türkiyə Diyanət İşləri naziri Ali Erbaş çox gözəl xütbə ilə çıxış elədi və bütün Türkiyə siyasətçilərinin, Sultan Mehmetin və müəllimi Ağşəmsəddinin adını zikr elədi. Bilirsiz ki, Ağşəmsəddin əslən azərbaycanlıdır”.

“Mən bir Azərbaycan türkü olaraq gözlədim ki, xütbədə Qarabağın, Kəşmirin, Fələstinin də adı çəkilsin. Amma gərək ona məsləhət verərdilər. Ola bilsin ki, həyəcanlı olub. Çünki Qarabağın adının çəkilməsi Azərbaycan üçün də böük bir hadisə olardı. Lakin Türkiyə son hadisələrdən də göründüyü kimi, hər zaman Azərbaycanın yanında olduğunu göstərir. Mən də içimdəki Vətən, Qarabağ sevgisindən Şuşa ilə İstanbul arasında paralellik apardım ki, biz Şuşada da belə bir tarixi anı yaşayaq və Allah bunu bizə də nəsib etsin. Ona görə də AYNA-dan istifadə edərək bütün oxuculara can sağlığı və qələbə gününü görməyi arzu edirəm”, - həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib