“Türklər rus sülhməramlılarının nəzarətindəki ərazilərə müdaxilə etməyəcək”

Aktual

17.11.2020 - 10:22

Şahin Cəfərli: “Rusiya sülhməramlı missiya ilə bağlı razılaşmalardan kənara çıxır”

 

Noyabrın 14-də Ankarada, Rusiya və Türkiyə hərbi nümyəndə heyətlərinin Dağlıq Qarabağda birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı görüşü keçirildi. Görüşdə yekun razılaşma əldə edilmədiyi üçün noyabrın 15-də danışıqlar yenidən davam etsə də, danışıqlarla bağlı yenə də rəsmi açıqlama verilmədi və yaxın zamanlarda məlumat veriləcəyi deyildi.

 

Dünən isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdimatı ilə Türkiyə Böyük Millət Məclisinə (TBMM), Azərbaycanla Ermənistan arasında atəşkəsə əməl edilib-edilmədiyini yoxlamaq məqsədi ilə, işğaldan azad edilən Azərbaycan torpaqlarında ortaq monitorinq mərkəzinin yaradılması üçün Türkiyə hərbçilərinin Qarabağa göndərilməsinə icazə verən sənəd göndərildi. Sənəddə, Türkiyə ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Anlaşmasına əsasən, Türkiyə Silahlı Qüvvələrinin Qarabağdakı monitorinq mərkəzində 1 il fəaliyyət göstərməsi qeyd olunub.

 

“Azərbaycanın təyin edəcəyi ərazidə Türkiyənin Rusiya ilə birgə quracağı monitorinq mərkəzi və bu mərkəzin icra edəcəyi fəaliyyətlərdə Türkiyə Silahlı Qüvvələrinin və ehtiyac olduğu təqdirdə Türkiyədən gətiriləcək əlavə heyətin maaşı, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında 16 avqust 2010-cu ildə imzalanan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Anlaşması və Türkiyənin öhdəliklərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən beynəlxalq hüquq, BMT-nin qətnamələri və ATƏT-in üzv ölkələri ilə regionda sabitliyi bərqərar edəcəyi, həmçinin milli mənafeyimizə yararlı olması dəyərləndirilir”, - deyə sənəddə bildirilir.

 

Mövzunu AYNA-ya şərh edən siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Türkiyə Prezidenti Ərdoğanın adından TBMM-ə daxil olan qərar layihəsi Ankara görüşündə əldə olunan razılığın nəticəsidir: “Çünki qərar layihəsinin təqdimat yazısında Azərbaycanın müəyyən edəcəyi ərazidə atəşkəsə nəzarət üzrə monitorinq mərkəzinin yaradılacağı və Türkiyə hərbçilərinin Rusiya hərbçiləri ilə birgə fəaliyyət göstərəcəyi bildirilib. Yəni, söhbət Türkiyə hərbçilərinin rusiyalı həmkarları ilə birlikdə atəşkəsə nəzarət üzrə yaradılacaq mərkəzdə fəaliyyət göstərməsindən gedir. Bunun Dağlıq Qarabağda fəaliyyət göstərəcək sülhməramlı missiyaya aidiyyəti yoxdur”.

Şahin Cəfərli: “ABŞ Türkiyədən öz siyasətini dəyişdirməsini gözləyir”

“Rusiya onsuz da sülhməramlılarla bağlı razılaşmalardan kənara çıxır, Dağlıq Qarabağa, 10 noyabr bəyanatında qeyd olunan hərbi texnikadan əlavə texnika gətirir və Rusiyanın müxtəlif dövlət strukturlarının əməkdaşlarını əraziyə göndərir. Həmçinin, Vladimir Putinin fərmanına uyğun olaraq Dağlıq Qarabağda humanitar reaksiyalar üzrə mərkəz də yaradılıb. Həmin mərkəzdə isə Rusiya Xarici İşlər Naziriliyi və Rusiya Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə yanaşı, Rusiyanın müxtəlif dövlət qrumlarının rəsmiləri təmsil olunacaq”, - politoloq bildirib.

 

Cəfərli bütün bunların noyabr 10-da üç ölkə arasında imzalanan birgə bəyanata zidd addımlar olduğunu qeyd edib: “Rusiya Federasiyası belə ziddiyyətli addımları atmaqdan çəkinmir. Türkiyə hərbi kontingentinin də bu addımlara necə mane olacağı, şəxsən mənə aydın deyil. Çünki Rusiya sülhməramlılarının nəzarətindəki ərazilər yenə də onların nəzarətində qalacaq və Türkiyə əsgərləri həmin ərzilərə müdaxilə etməyəcək. Onlar yalnız təmas xəttinin Azərbaycan tərəfində dayanacaqlar. Ümumiyyətlə isə ərazidə Türkiyə əsgərlərinin dayanıb-dayanmayacağı da hələlik məlum deyil. Söhbət hələlik Türkiyə nümayəndələrinin həmin monitorinq mərkəzində ruslarla birlikdə fəaliyyət göstərməsindən gedir. Həmçinin, təmas xəttinin Azərbaycan tərəfində Azərbaycan əsgərləri ilə Türkiyə əsgərlərinin birlikdə dayanıb-dayanmayacağı da bəlli deyil”.

 

Müsahibimizin fikrincə, Türkiyə əsgərləri Azərbaycana gələndən sonra, onların Rusiya sülhməramlıları kontingentinin məsuliyyət zonasına hərbi müdaxilə etməsi mümkün deyil: “Çünki Türkiyə və Rusiya bir-biri ilə müharibə aparmaqda maraqlı deyil. Bəzən elə başa düşülür ki, bu iki ölkə arasında amansız rəqabət gedir və hətta, aralarında müharibə riski var. Amma mən bu fikirlərlə razı deyiləm. Düşünürəm ki, Türkiyə ilə Rusiya arasında hər nə qədər rəqabət olsa da, hər iki ölkə və hər iki ölkənin başçıları çox praqmatik siyasət yürüdürlər. Onlar əməkdaşlığa daha çox meyillidirlər, nəinki toqquşmağa. Ona görə də Türkiyənin Azərbaycan ərazisində Rusiya ilə toqquşmasına və müharibə aparacağına qətiyyən inanmıram. Bu cür gözləntilər real deyil”.

 

Analtik üçtərəfli bəyanatın bütün məsələlərə aydınlıq gətirmədiyini və xeyli sualların açıq qaldığını düşünür: “Ona görə də bəyanatda qaranlıq qalan bütün məsələlər ya sülh razılaşmasında, ya tərəflər arasında hansısa protokollarda, ya da texniki xarakterli sənədlərdə əksini tapmalıdır. Yəni, qeyri-müəyyən məqamlar çoxdur. Onların da nə vaxt və hansı şəkildə həll olunacağı hazırda aydın deyil. Dekabrın 1-dən, yəni üç rayonun Azərbaycana qaytarılması prosesi başa çatdıqdan sonra yəqin ki, tərəflər arasında yeni danışıqlar mərhələsi başlayacaq və bu məsələlər həmin danışıqların yekununda əldə olunmuş razılaşmalarda öz əksini tapacaq”.

 

“Yəqin ki, Rusiya və Türkiyə rəsmilərinin Ankaradakı görüşündə bu məsələlər - Türkiyə təmsilçilərinin sülhməramlı mərkəzdə, atəşkəsə nəzarət mexanizmində təmsil olunması, mərkəzin fəaliyyəti və s. müzakirə edilib. Çünki həmin görüşdə digər ciddi siyasi məsələlərin müzakirə edildiyini düşünmürəm”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib