Türkiyəyə qarşı gizli ABŞ-Rusiya əməkdaşlığı?

Dünya

09.06.2022 - 22:14

Vaşinqton terror təşkilatını gücləndirməyə, Moskva isə bu missiyanı öz üzərinə götürməyə çalışır

Suriyadakı çirkin oyunu addım-addım, qətiyyətlə pozan Türkiyə əvvəlki əməliyyatlarda olduğu kimi yeni əməliyyatdan əvvəl həm ABŞ, həm də Rusiya ilə eyni vaxtda mübarizə aparır. Buna görə də yerlərdə terrorçuların təmizlənməsi üçün hərbi hazırlıqlara paralel olaraq hər iki ölkə ilə sıx diplomatik gediş-gəliş var.

Yəni dünyanın, ABŞ-ın, Rusiyanın nəbzini yoxlamadan, onun siyasi və diplomatik ölçülərindən yan keçərək əməliyyat keçirmir. Bu çərçivədə xarici işlər naziri Çavuşoğlu daha əvvəl amerikalı həmkarı Blinkenlə, dünən isə Rusiyanın xarici işlər naziri Lavrovla görüşüb. Və bir daha çox açıq şəkildə izah edib ki, Suriyanın şimalında terrorçuların mövcudluğu qəbuledilməzdir.

Əslində buna “səbr kasası diplomatiyası” da demək olar. Çünki hər iki ölkə Türkiyəyə 3 il əvvəl “PKK/YPG/PYD heç vaxt olmayacaq, qaçqınların geri qayıtması üçün mühit yaradılacaq” deyərək imzaladıqları sözü tutsaydı, buna ehtiyac qalmazdı. Amma öz öhdəliklərini xatırlamaq bir yana, Türkiyənin artan təhdid və hücumlara qarşı özünümüdafiə haqqını belə, görməzdən gəlir, “bu cür cəhdləri qəbul etmirik, qınayırıq” kimi absurd bəyanatlar verirlər. Sanki terrorçuları qorumaq üçün bir-biri ilə yarışırlar. Səbəbi də məlumdur.

Kimsə separatçı terror təşkilatını qanuniləşdirmək istəyir və bunu gizlətmir. Digəri isə PKK/YPG/PYD “kart”ını ABŞ-ın əlinə verməmək üçün terrorçuları Dəməşq ordusuna xüsusi strukturla inteqrasiya etmək planından əl çəkməyib.

Açığını deyim ki, Türkiyə terror təşkilatını zərərsizləşdirməyə çalışarkən, razılaşdığı aktorlardan biri olan NATO üzrə müttəfiqi ABŞ terror təşkilatını inkişaf etdirməyə və gücləndirməyə, digər oyunçu Rusiya isə bu missiyanı öz üzərinə götürməyə çalışır. İnkişaf etməkdə olan beynəlxalq konyukturaya və sahə reallığına görə iki ölkə arasında get-gəl vəziyyəti yaşanır.

Hətta terror təşkilatının mövcudluğu və istifadəsi baxımından aralarında üstüörtülü razılaşmanın olduğunu da söyləmək olar. Məsələn, ABŞ belə bir əməliyyatın İŞİD ilə mübarizəyə zərər verəcəyindən danışarkən, Rusiya bu gedişatdan narahatlığını bildirdi. ABŞ-a arxalanan və onurğa sütununu PKK/PYD/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyənin mümkün əməliyyatı halında Dəməşq rəhbərliyi ilə də əməkdaşlıq siqnalı verib. Əslində, SDQ-nin başında olan “Mazlum Kobani” və ya “Şahin Cilo” kod adlı PKK terrorçubaşı Ferhat Abdi Şahin Əsəddən Türkiyə döyüş təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemlərindən istifadə etməsini istəyib. Bənzərlərini əvvəllər də görmüşük.

“Sülh çeşməsi” əməliyyatı zamanı Ankaraya tələsik gəlib “biz çəkilirik, YPG də çıxacaq” sözünü verən ABŞ (bu da mübahisəli) boşalan yerləri Rusiyaya verdi. Biri geri çəkilərkən, digəri eyni vaxtda həmin ərazilərə daxil olmuşdu. Yaxud oradakı terrorçulara himayədarlıq etmək üçün ABŞ bayrağı endirilərkən Rusiya bayrağı qaldırılıb.

Bir sözlə, hər ikisinin terror təşkilatına baxışı və sevgisi üzündən Türkiyəyə qarşı hər cür çirkli əlaqələr və əməkdaşlıq mövcuddur. Buna görə də yaşanan və hələ də davam edən sıx diplomatic təmaslara baxmayaraq, hər an başlaması mümkün olan əməliyyatdan əvvəl son görüntü çox da fərqli deyil.

ABŞ birbaşa olaraq PKK/YPG/PYD ilə bağlı muxtar strukturun yaradılmasını müdafiə edir və əməliyyatın tərəfdarı deyil. Əvvəlcə “Türkiyə Suriyada baş verənlərə biganə qala bilməz” deyə Ankaraya “yaşıl işıq” yandıran, lakin sonradan Zaxarovanın açıqlamaları ilə bir fərqli mövqe sərgiləyən Lavrovun dünənki açıqlamasının mənası isə beləydi: topu daha çox ABŞ-ın qucağına atmaq. Yəni: “ABŞ Suriyada qeyri-qanuni olaraq bəzi təşkilatları qidalandırır. Suriya sərhədində xarici qüvvələrin yaratdığı təhdidlərlə bağlı türkiyəli dostlarımızın həssaslıqlarını nəzərə alırıq”.

Amma bu açıqlamalar əməl ilə də təsdiqlənirmi? Çünki Lavrov öz sözlərində Əsədlə dialoqa da işarə edib, üstəlik, bu hadisələr baş verərkən Suriya və Rusiya hərbi hava qüvvələrinin birgə hərbi təlimi də var.

Belə olan halda demək olar ki, Ankaranın bu günə qədərki əməliyyatları da, bundan sonra keçiriləcəkləri də tam qanunidir və beynəlxalq hüquqa əsaslanır. Artıq Türkiyənin nağıllara qarnı toxdur.

Bu məqamda milli müdafiə naziri Hulusi Akarın son açıqlamasını da xatırlatmaq yerinə düşər: “Millətimizə 40 il fəlakət yaşadan bu terror bəlasından xilas olacağıq. Biz qərarlıyıq və buna qadirik. Bu məsələdə heç kim qarşımıza çıxmasın, bizə mane olmağa çalışmayın. Bizim yeganə hədəfimiz terrorçulardır”.

Müəllif: Tunca Bengin

Mənbə: "milliyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli