Türkiyədən yeni hərbi texnika alınıb

Xəbərlər

31.10.2019 - 12:33

Həkimlər Klinikalar SEO Xidməti

Həmin texnikalar həm də texniki xidmət xərclərinə və yanacağa qənaəti ilə seçilir

 

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən hərbi əməkdaşlığı daha da möhkəmləndirmək, Azərbaycan Ordusunun müasir dünya standartlarına uyğun inkişaf etməsinə töhfə vermək məqsədi ilə həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

 

AYNA Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni xüsusi texnikaların ilk hissəsi silahlanmaya qəbul edilib.

 

Türkiyədə istehsal edilən mini ekskavatorların Ordunun təminatına daxil edilməsi hərbi əməkdaşlıq istiqamətində atılan mühüm addımlardan biridir.


Silahlanmaya qəbul edilən mühəndis texnikalarının yüksək texniki xüsusiyyətləri onların az vaxtda çox iş görməsinə imkan verir. Türkiyənin yerli istehsalı olan MST teleskopik yükləyiciləri bir çox üstünlüklərə malikdir. Həmin texnikalar həm də texniki xidmət xərclərinə və yanacağa qənaəti ilə seçilir.

Qabaqcıl texnologiya və dünya standartlarına uyğun komponentlərdən ibarət bu texnikalar dəyişən hidravlik nasosu və iki pilləli sürət qutusuna qoşulmuş hidromotoru sayəsində operatoru yüksək dartma və mükəmməl idarəetmə ilə təmin edir. Müxtəlif sənaye tətbiqləri üçün bütün ehtiyacları ödəyə bilən bu mini ekskavatorların üstün texnologiyası ən çətin coğrafi məkanlarda belə, asan istifadəyə imkan verir.

Müəllif: Ayna.az