"Kommersant": Danışıqların təfərrüatları və məqsədi hələlik məlum deyil
Noyabrın 14-də Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılır. AYNA xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Danışıqlarda Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin iştirak etdiyi bildirilir. Danışıqların təfərrüatları və məqsədi hələlik məlum deyil. O da qeyd olunur ki, belə bir görüşün keçirilməsi barədə ictimaiyyətə məlumat verilməyib.
Noyabrın əvvəlində ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson deyib ki, ABŞ Rusiya ilə sırf Rusiya-Amerika münasibətləri ilə bağlı birbaşa danışıqlar aparır, Ukraynadakı münaqişə mövzusu gündəmə gətirilməyib: “Bunun yeganə məqsədi ABŞ və Rusiya arasında risklərin azaldılmasını müzakirə etməkdir”.
O, Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Müqaviləsinə əsasən təmasların davam etdiyi də bildirilib.
Noyabrın sonu-dekabrın əvvəlində START-3 üzrə ikitərəfli komissiyanın iclası keçirilə bilər. Bu, Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından bəri ilk iclas olacaq.