Ərdoğan baş verən genişmiqyaslı silahlı hücumla bağlı istintaqı şəxsi nəzarətinə götürüb
Türkiyə Mersin şəhərinin Tarsus rayonunda bir restoranda silahlı şəxs insanlara atəş açıb. Hadisə nəticəsində beş nəfər ölüb.
AYNA.AZ “Anadolu” agentliyinə istinadən bildirir ki, axtarışda olan şübhəli, keçmiş həyat yoldaşını güllələyərək öldürdüyü iddia edilən 37 yaşlı bir kişidir. Həmin şəxs daha sonra bir neçə şəxsə də atəş açıb.
Şəhərin müxtəlif yerlərində baş verən hücumlar nəticəsində altı nəfər ölüb, səkkiz nəfər yaralanıb.
DHA və IHA agentliklərinin məlumatına görə, kişi restoranda atəş açaraq restoran sahibini və bir işçisini öldürüb, sonra isə qaçaraq daha iki kişini güllələyib.
Atışma Mersindən təxminən 40 kilometr şimal-şərqdə yerləşən Tarsus rayonunda baş verib və polis həmin şəxsi yaxalamaq üçün helikopterlər də daxil olmaqla genişmiqyaslı axtarış əməliyyatına başlayıb.
"O, heç nə demədən içəri girib... Biz onun telefonunu çıxardığını düşündük, amma o, silah çıxardı", - deyə ayağından yaralanan restoran işçisi Mehmet Han Topal IHA xəbər agentliyinə bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersin əyalətində baş verən genişmiqyaslı silahlı hücumla bağlı istintaqı şəxsi nəzarətinə götürüb.