Bu gün ölkədə 44 nəfər ölüb, 1368 nəfər xəstə qeydiyyata alınıb
Türkiyədə COVID-19 virusuna yoluxma və ölüm hallarında azalma davam edir. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, bu gün ölkə üzrə 35 min 369 nəfər testdən keçirilib. Onlardan 1368-inin test nəticəsi müsbət çıxıb.
Türkiyə Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, gün ərzində ölkədə yoluxanların 1825 nəfəri sağalıb, 44 nəfər dünyasını dəyişib. Beləliklə, virusdan sağalanların sayı 109 min 962, ölənlərin sayı isə 4 min 140 nəfərə çatıb. Bu vaxtadək ölkə üzrə 1 milyon 624 min 994 nəfər yoxlamadan keçirilib. Onlardan 149 min 435 nəfərdə infeksiya aşkarlanıb.
Qeyd edək ki, Türkiyədə mayın 16-da yerli vaxtla saat 00.00-dan etibarən növbəti dörd gün müddətinə məcburi qaydada tətbiq olunan komendant saatı qüvvəyə minib. Səhiyyə Nazirliyi koronovirusla mübarizənin ikinci mərhələsinin başlandığını elan edib. Mayın 11-dən start verilən qadağaların yumşaldılması mərhələsi nəzarətli sosial həyat adlandırılıb. Tövsiyə edilir ki, əhali tələb olunan qaydalara əməl etsin.