İbrahim Kalın: “Türkiyənin daxili işlərinə qarışmaq cəhdi ABŞ-ın özünə mənfi təsir edəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın ABŞ prezidentliyinə potensial namizəd Co Baydenin Türkiyə müxalifətini dəstəkləməsi ilə bağlı fikirlərini şərh edib.
AYNA xəbər verir ki, Kalın Baydenin Türkiyəyə münasibətinin cahillik, təkəbbürlülük və riyakarlıq üzərində qurulduğunu deyib. Ərdoğanın nümayəndəsi bildirib ki, Türkiyənin daxili işlərinə qarışmaq cəhdi ABŞ-ın özünə mənfi təsir edəcək.
“Türkiyəyə sifariş vermək günləri arxada qaldı. Ancaq hələ də sifariş verəcə biləcəklərini düşünürlərsə, buyursunlar, cəhd edə bilərlər. Bu onların özlərinə ziyan verəcək”, - deyə Kalın vurğulayıb.
Qeyd edək ki, keçən ilin dekabrında Bayden “The New York Times”-a müsahibə verərkən bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yox, Türkiyə müxalifətini dəstəkləyir. Siyasətçi ABŞ-ın Türkiyə ilə bağlı hazırkı siyasətdən fərqli siyasət sərgiləməli olduğunu söyləyib. Həmin müsahibənin videosu bu il 15 avqustda “Twitter”in Türkiyə seqmentində yayılıb, xeyli müzakirələrə səbəb olub.