Türkiyə-İsrail yaxınlaşması: Cənubi Qafqazda Rusiya və İranın mövqeləri zəifləyəcək

Siyasət

31.01.2021 - 17:09

Analitiklərin fikrincə, Bakı Qərb tərəfdaşlarının imkanlarından istifadə edərək, bölgədə bir dövlətin “at oynatmasına” mane olmalıdır

 

“Əgər İsrail və Türkiyə istəsə, qarşılıqlı maraqların toqquşmasından uzlaşmasına gedən yolda bir araya gələ bilərlər. Regionda maraqları olan qüvvələrin onsuz da zaman-zaman münasibətlərin istiləşəcəyi ilə bağlı fikirlər səsləndirdiyini görürük, amma bunun nə qədər real olduğunu zaman göstərəcək. Bu proses nə qədər əhəmiyyətli prosesdirsə, bir o qədər də ağrılı və ləng gedəcək prosesdir”.

 

Bu sözləri AYNA-ya açıqlamasında türkiyəli politoloq Cihad Rəhmi Akar deyib. Bayden hakimiyyəti dövründə Türkiyə-İsrail münasibətləri və bu münasibətlərin Azərbaycana təsirləri ilə bağlı fikirlərini bölüşən analitikin sözlərinə görə, Türkiyə-İsrail münasibətlərindəki soyuqluğun bir sıra obyektiv və subyektiv səbəbləri var: “Burda nə qədər Türkiyənin regionda Türk və İslam dünyasında əsrlərdir davam edən Osmanlı dövründəki xəlifəliklə əlaqəli olan sahiblənmə duyğusu önəm daşıyırsa, eyni zamanda İsrailin Fələstinlə bağlı mövqeyi də bir o qədər önəm daşıyır. Həmçinin, bu prosesi sadəcə Türkiyə-İsrail münasibətləri kimi dəyərləndirmək də doğru deyil, çünki bu prosesi qiymətləndirəndə istər-istəməz Türkiyə-ABŞ, Türkiyə-İran, Türkiyə-Avropa İttifaqı, Türkiyə-Rusiya münasibətlərini də diqqətdə saxlamaq lazımdır. Çünki hər bir münasibət ayrı-ayrılıqda digər münasibətlərə öz təsirini göstərir”.

Cənubi Qafqazda vəziyyət dəyişir: “Kartlar” yenidən paylandı Ayna.az

“Əgər biz Türkiyə-İsrail münasibətlərinin gələcək perspektivinə bir də Ərəb dünyası ilə Türkiyənin münasibətlərini əlavə etsək (bəlkə də bu, ən önəmli amildir), o zaman prosesin nə qədər mürəkkəb bir hal aldığını əyani bir şəkildə görəcəyik. Türkiyə ilə İsrailin münasibətlərinin qarşısında sərhəd kimi dayanan ən böyük maneə isə Fələstinlə bağlı olan problemdir ki, Türkiyə regionda müsəlman ölkələrinin qorunması ilə bağlı insiativdən dolayı ərəblərin pozulan hüquqlarından özünü məsul sayır. Və bu da bir reallıqdır ki, hətta, Səudiyyə Ərəbistanı belə, bu prosesdə passiv davranır və Fələstinlə bağlı problemi görməzdən gəlir. İsrail isə istəyir ki, Türkiyə eyni ilə regiondakı digər dövlətlər kimi, prosesi görməzdən gəlsin. Türkiyə baxımından isə bu, mümkün deyil”, - politoloq bildirib.

 

Rəhmi Akar hesab edir ki, yalnız qarşılıqlı kompromislə bu məsələnin kökündən həll olunması mümkündür: “Onun da yalnız bir yolu var: yeni yaranan geosiyasi vəziyyət hər iki ölkəyə diktə etməlidir ki, bütün problemləri bir kənara qoyub mövcud şəraitə adaptasiya olsunlar və yeni münasibətlərin əsasını qoysunlar. Bu, regiondakı bir sıra maraqları olan dövlətlərin, məsələn, İranın əlinin zəifləməsinə gətirib çıxara bilər ki, burada da həm Türkiyə, həm də İsrail qazanclı çıxar. Həmçinin, İsrail ilə Azərbaycan arasındakı tərəfdaşlığı da nəzərə alsaq, Türkiyə-İsrail münasibətləri Cənubi Qafqazda gedən proseslər fonunda, Azərbaycanın maraqlarına da cavab verəcək”.

 

Siyasi elmlər doktoru, politoloq Zaur Məmmədov isə məsələyə ABŞ-ın yeni Prezidenti Co Bayden administrasiyasının Cənubi Qafqaza baxış bucağından yanaşır. “Nəzərə almaq lazımdır ki, ABŞ dünyanın hegemon dövlətlərindən biridir və Vaşinqtonun apardığı siyasət Cənubi Qafqazdakı proseslərə mütləq şəkildə təsirsiz ötüşməyəcək. Bu baxımdan, biz Co Baydenin komandasının tərkibinə nəzər salsaq, görərik ki, bu komandada Rusiyaya qarşı kəskin mövqe tutan şəxslər kifayət qədərdir. Amma Türkiyə ilə mövqelər fərqlidir”, - deyə o, AYNA-ya şərhində bildirib.

Zaur Məmmədov: Azərbaycanın növbəti peykinin orbitə buraxılması ölkəmizə  mühüm üstünlüklər verəcək - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Analitik əlavə edib ki, bir komandanın, liderin müxalifətdə və hakimiyyətdə olarkən mövqeləri fərqli olur: “Hakimiyyətə gəldikdən sonra aparılan siyasi kurs dəyişir və düşünürəm ki, Bayden Administrasiyası Türkiyə ilə münasibətlərin isitiləşməsində maraqlı olduğunu göstərmiş olacaq. Çünki rəsmi Vaşinqton Yaxın Şərq və Qafqaz regionunda uğurlu siyasət aparmaq istəyirsə, o zaman mütləq şəkildə Türkiyənin köməyindən istifadə etməlidir, əks təqdirdə Ağ Ev öz məqsədlərinə çata bilməyəcək”.

 

“Bizi maraqlandıran əsas məsələ Bayden dönəmində ABŞ-ın Qarabağa dair mövqeyi olacaq və bu istqamətdə Amerikanın bundan sonra da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməsi və separatizmə qarşı çıxmasını gözləyirik. Hərçəndi ki, Ağ Ev və Konqersə ermənilərə yaxın olan lobbist qruplar tərəfindən kifayət qədər ciddi təzyiqlərin şahidi də oluruq. Artıq Bayden başda olmaqla, ABŞ dövlət katibi və digələrinə məktublar da yazılmağa başlanılıb və ermənilər bununla da öz çirkin niyytələrindən əl çəkmək fikrində olmadıqlarını göstərirlər”, - Məmmədov vurğulayıb.

 

Bununla belə, o düşünür ki, artıq gecdir və erməni diasporu ABŞ siyasətində keçən ildə olduğu kimi, bu il də fiaskoya uğrayacaq: “Zənnimcə, biz Vaşinqtonun heç də ermənipərəst siyasət aparacağını görməyəcəyik. Onu da xüsusi vurğulamaq lazımdır ki, ABŞ-Azərbaycan münasibətlərində Demokratlar Partiyasına yaxın Azərbaycan lobbistlərinin köməyindən istifadə etməliyik, necə ki, Tramp dönəmində biz bunu uğurla bacardıq. Ona görə, Bayden dönəmində də bu iş davam etməlidir”.

 

Müsahibimiz əlavə edib ki, İsrail-Azərbaycan və Britaniya-Azərbaycan strateji mütəfiqliklərindən istifadə edərək, Vaşinqtonla Bakı arasındakı münasibətlərin daha da inkişaf etməsinə nail olmalıyıq: “Unutmamalıyıq ki, Cənubi Qafqazda hegemon dövlətlər arasında tarazlıq olsa, bu, Azərbaycanın maraqlarına da cavab verəcək, əks halda cəmi bir dövlətin burada at oynatmaq istəməsi, nəticə etibarı ilə onun davranışlarını daha da genişləndirə bilər. Ona görə də mütləq şəkildə Bakı-Moskva-Vaşinqton arasındakı tarazlıq Cənubi Qafqazda da qorunmalıdır”.

Müəllif: Mərahim Nəsib