Türkiyə çətin sınaq qarşısında: Ərdoğan birinci hədəfinə çatdı, amma ikincisi...

Dünya

22.08.2023 - 13:54

Vüqar Həsənov: “Keçmiş maliyyə naziri Nurəddin Nebatinin postu Mehmet Şimşəkə təhvil verən zaman dərindən ah çəkməsi hər şeyin izahı idi”

Türkiyədə yaşayan və xarici media qurumları ilə əməkdaşlıq edən azərbaycanlı jurnalist Vüqar Həsənov qardaş ölkədə mövcud sosial-iqtisadi vəziyyət, siyasi münasibətlər sistemi və sabahdan gözləntilər barədə fikirlərini AYNA ilə bölüşüb. Beləliklə:

- Prezident seçkilərindən öncə, xüsusilə də, seçki kampaniyası ərəfəsində Türkiyədə sosial-iqtisadi böhran həddən artıq dərin idi. Seçkidən sonra vəziyyət hansı səmtə yönəldi?

- Seçkidən əvvəlki dönəmdə Ərdoğanın qarşısında iki məsələ dururdu: siyasi arenadan getdikdən sonra öz kursunu davam etdirədəcək xələfini üzə çıxarmaq və əlbəttə ki, çox ağır vəziyyətdə olan iqtisadiyyatı yoluna qoymaq. Birinci məsələ demək olar ki, həll olunur, Türkiyə siyasətində əvvəllər üzə çıxmayan, amma xarici siyasət və güvənlik məsələlərində əsas fiqur olan Hakan Fidan artıq üzdədir və bəyənatları ilə ölkənin gələcək dönəmi üçün xarici siyasətini, maraqlarını və kursunu acıq-aşkar dilə gətirir.

İkinci məsələyə - iqtisadi vəziyyətə gəldikdə isə, bu düyünü açmaq çox mürəkkəb görünür. Ərdoğan seçkidən sonra yeni iqtisadi komanda ilə davam etmək qərarı aldı. Əslində, keçmiş maliyyə naziri Nurəddin Nebatinin yeni maliyyə naziri Mehmet Şimşəklə təhvil-təslim mərasimində dərindən ah çəkməsi hər şeyin izahı idi. Yeni komandanın, xüsusən xaricdə təhsil almış və ABŞ-da çox müsbət reputasiyası olan Mərkəzi Bankın sədri Hafizə Erkanın atdığı addımlar həlik bir nəticə vermir. Mehmet Şimşek bəyan edir ki, Türkiyə iqtisadiyyatında keçid dönəmidir və nəticələri görmək üçün vaxt lazımdır. Amma günü-gündən bahalaşan qiymətlər, kirayə və təhsil haqqı xərcləri onu göstərir ki, vəziyyətdən çıxış yolu hələ uzaqdadır.

- Seçki ərəfəsində müxalifətin əsas istinadı və hədəfi sosial-iqtisadi problemlər, iqtidarın dayaq nöqtəsi isə siyasi sabitlik, terror bəlasının dəf edilməsi və geosiyasi rəqabətdə ölkənin uğurları idi. Türk seçicisi ikincini seçdi. Bu gün vətəndaş seçimindən razıdırmı?

- Seçkidən sonra mürəkkəb və hətta, deyərdim ki, qorxulu bir situasiya yaranıb. Qiymətlərin artması fonunda, müxalif Kamal Kılıçdaroğluna səs verənlərlə Ərdoğana səs verənlər arasında uçurum daha da dərinləşdi. “Siz səs vermisiniz, şikayət etməyə haqqınız yoxdur” ifadəsinə söhbətlərdə dəfələrlə şahidlik etmişəm. Bəzi hallarda bu polemika dava həddinə belə, gətirib çıxarıb. Bu, Türkiyədə qarışıqlıq və xaos istəyən qüvvələr üçün göydəndüşmə bir fürsətdir, çox qorxulu tendensiyadır. Təbii ki, soyuducusu boş olan vətəndaşı geosiyası uğurlarla “doydurmaq” olmur.  Müxalifət o zaman uğurlu olacaq ki, bu vəziyyətdən çıxış yolunu real işlə göstərsin. “Mən gəlim, düzələcək” sözləri artıq təsir imkanını itirib.

O ki qaldı seçimdən razı olub-olmamaq məsələsinə, düşünürəm ki, vətəndaş bunun cavabını gələn il bələdiyyə seçkilərində verəcək. Bu seçkilər hakimiyyət üçün çox böyük önəm daşıyır. İstanbulu yenidən AK Partiyə qazandırmaq əsas hədəfdir.

- Gözləntilər vardı ki, seçkidən sonra Ərdoğanın komandası Qərblə, əsas da ABŞ-la bir şəkildə dil tapacaq və inflyasiya, milli valyutanın çökməsi, iqtisadi böhran kimi problemlər həllini tapmağa başlayacaq. Hökumət buna cəhdlər edirmi və gözləntilər nədən ibarətdir?

- Ərdoğanın komandası təbii ki, Qərblə, ABŞ-la yaxşı münasibətlərdə olmaq istəyir. Amma Qərb və ABŞ bunu istəyirmi? ABŞ seçki dönəminə girir və bu şeckilərin nəticələri Ankara üçün münasib olacaqmı? Ərdoğanın Avropa İttifaqı (Aİ) qarşısında qoyduğu şərtlərlə Brüssel razılaşacaqmı? Suallar çoxdur, cavablarını tapmaqda çətinlik çəkirəm.

Türkiyəni iqtisadi, siyasi cəhətdən sıxışdırmaq cəhdləri edən Qərblə olan dialoqundan hansısa müsbət nəticə gözləmək qaranlıq otaqda qara pişik axtarmaq deyilmi? Bunu dərk edən Ərdoğanın komandası Körfəz ölkələrinə üz tutub, Ərdoğan Körfəz turundan kifayət gədər investisiya ilə qayıtdı. Bu pullar türk lirəsini bir müddət sabit saxlamağa, sosial ödənişlərdə gecikmə olmamasına kömək edəcək. Amma Mehmet Şimşəyin dediyi kimi, Türkiyəyə uzunmüddətli iqtisadi kurs lazımdır, “bu gün yedim, sabaha Allah kərimdir” prinsipi Türkiyə kimi dövlət üçün çıxış yolu deyil.

Bəzi versiyalar da var ki, Türkiyə Beynəxalq Valyuta Fondundan (BVF) kömək istəyə bilər. Amma seçkiqabağı kampaniyasında Ərdoğan məhz valyuta fonduna olan borcun ödənildiyini və onlardan asılı olmamağı hakim komandanın qələbəsi adlandırırdı. Ona görə indiki mərhələdə, bələdiyyə seçkilərindən öncəki dönəmdə mən bunu real görmürəm. Lakin Türkiyə iqtisadiyyatındakı vəziyyəti proqnozlaşdırmaq çətin olduğundan, mümkün versiyalar istisna olunmur.

- Gələk, zəlzələ bölgəsinə.Orada durum necədir? Seçki ərəfəsində bölgədə sürətli quruculuq işləri aparıldığına dair görüntülər, məlumatlar yayılırdı. Hazırda, sanki dayanmış kimi görünür, yoxsa...?

- İşlər gedir və bu işlərin tempi və yekun nəticə hakimiyyət üçün bələdiyyə seçkiləri öncəsi çox böyük önəm daşıyır. Aldığım məlumatlara görə, artıq oktyabrda bir qrup sakin yeni evlə təmin olunacaq. Təbii ki, ölkəni yenidən ayağa qaldırmaq böyük investisiyalar tələb edir. Zəlzələ bölgəsində ümumillikdə 650 min mənzil inşa ediləcək, onlardan 319 mininin 1 il ərzində təhvil verilməsi gözlənilir. Zəlzələnin fəsadlarını tez bir şəkildə aradan qaldırmaq hakim komandaya böyük pulların sırf sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına köklənməyə və həmçinin bələdiyyə seçkisi öncəsi müsbət PR qazanmağa zəmin yaradacaq.

Müəllif: İsmayıl Məmmədli