FOTOLAR"/>

"Türk Dünyası Muzeylərinin həftəsi”nə start verilib - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

20.05.2020 - 02:28

Məktəblilər üçün muzey həftəsi layihəsi çərçivəsində "Türk Dünyası Muzeylərinin həftəsi”nə start verilib

 

Cari ilin mayın 18-dən 24-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə "Türk Dünyası Muzeylərinin həftəsi”nin keçirilməsinə start verilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Beynəlxalq İctimai əlaqələr şöbəsinin müdiri Mikayılzadə Fidan bildirib. 

 

O bildirib ki, mayın 18-də onlayn platformada  təşkil edilən muzey həftəsinin açılış mərasimi olub: “Tədbirin rəsmi açılışında Təhsil naziri Ceyhun Bayramov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Baxrom Aşrafxanov, Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Viktor Szederkenyin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova salamlama nitqi ilə çıxış ediblər”.

 

“Sonra "Türk Dünyası Muzeylərinin həftəsi”ndə iştirak edən Qazaxıstan Milli Muzeyinin, Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyinin, Türkiyə Respublikası Troya Muzeyinin, Özbəkistan Dövlət Tarix Muzeyinin, Macarıstanın Milli Muzeyinin direktorları birgə əməkdaşlığın müsbət təsirlərini  qeyd ediblər.Daha sonra isə Azərbaycan Milli Xalça Muzeyinə virtual tur keçirilib. Layihə çərçivəsində mayın 18-dən başlayaraq 24-dək hər gün Türk ölkələrinin aparıcı muzeylərindən biri uşaq və gənclər üçün onlayn təqdimat və virtual ekskursiya təşkil edəcəkdir”, - deyə Mikayılzadə bildirib.

 

“Mayın 19-da Qazaxıstan Milli Muzeyi, mayın 20-də Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, mayın 21-də Türkiyənin Troya Muzeyi, mayın 22-də Özbəkistan Dövlət Tarix Muzeyi və mayın 23-də Macarıstan Milli Muzeyi öz eksponatlarını onlayn formatda təqdim edəcəklər. Mayın 24-də proqram mərkəzin gənc bələdçiləri tərəfindən muzeylərə onlayn ekskursiyaların təqdimatları ilə yekunlaşacaq. Virtual eksursiyalara məktəblilərin və Bakı şəhəri həmçinin respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin qoşulması nəzərdə tutulub. Layihənin məqsədi COVİD-19 pandemiyası ilə əlaqədar olaraq yaradılan karantin rejimində məktəbliləri dünya muzeyləri ilə tanış etmək və onların virtual ziyarətlərini təşkil etməkdən ibarətdir”.

 

Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən "Məktəblilər üçün muzey həftəsi" layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb.


Proqram çərçivəsində hər il mayın 12-dən 18-dək və ya mayın 18-dən 24-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə edərək "Muzey həftəsi" keçirilir.


Bu tədbirin uğurla həyata keçirilməsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu yaxından iştirak edib. Beş il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 75 000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib.

Müəllif: Ayna.az