“Türk dövlətlərinin ortaq dil problemi həllini tapmasa...”

Siyasət

18.05.2022 - 19:12

Mübariz Göyüşlü: “Türk-İslam düşüncəsinin mövcud olduğu, qəbul edildiyi əraziləri, xalqları TDT-yə üzv qəbul etmək mümkündür”

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü AYNA-ya müsahibəsində Türk Dünyasının bu günü və gələcəyi, mövcud reallıqlar və perspektivlər barədə fikirlərini bölüşüb. Beləliklə:

- Türk dövlətləri arasındakı hazırkı münasibətləri necə qiymətləndirirsiniz?

- Türk dövlətləri arasında münasibətlərin hazırkı səviyyəsi qaneedicidir. Türkiyə və Azərbaycan başda olmaqla, türk dövlətləri aktiv şəkildə işbirliyi və inteqrasiya siyasəti yürüdür. Bu münasibətlərin inkişaf perspektivlərinə Bakı ilə Ankara arasındakı əlaqələrin durumu çox ciddi təsir edir. Müstəqillik qazandıqdan sonra əvvəlcə türk dövlətləri ictimai əhəmiyyəti olan qurultaylar keçirirdi. Özü də bu toplantılar Türkiyədə olurdu, yalnız sonuncu qurultay Bakıda keçirildi. Daha sonra bu toplantıları dövlət başçılarının zirvə sammitləri əvəz etdi. O isə öz növbəsində Türk Keneşini yaratdı. Keneşdə görülən işlər daha ciddi bir qurumun Türk Dövlətləri Təşkilatının (TDT) yaranması ilə nəticələndi. İstanbulda beş türk dövlətinin – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, o cümlədən neytrallığını elan etmiş Türkmənistanın, hunların varisi olan Macarıstanın iştirakı ilə TDT-nin yaradılması tarixi hadisə oldu. TDT strukturuna, formasına, təsir əhəmiyyətinə, imkanlarına görə əvvəlki qurumlardan fərqlənir və deyə bilərik ki, artıq türk dövlətləri arasındakı inteqrasiya daha sanballı bir şəkil alıb.

- Türk Dövlətləri Təşkilatının gələcəyini necə görürsünüz?

- Türk Dövlətləri Təşkilatı perspektivi olan qurumdur. KTMT-dən, Şanxay Əməkdaşlıq Təşkilatından, hətta NATO-dan və s. beynəlxalq qurumlardan fərqli olaraq, TDT-də hansısa dövlətin, yaxud dövlətlərin siyasi ambisiyaları, imperialist planları yox, bərabərhüquqlu əməkdaşlıq, birgə fəaliyyət, dünyaya sülh və barış gətirmək istiqamətində çalışmalar, ən əsası isə ortaq tarix, mədəniyyət, dil, dəyərlər mövcuddur. Bu prinsiplər və dəyərlər TDT-ni inkişafa aparır. TDT-nin həm öz daxilində, həm də üzv dövlətləri arasında gerçəkləşdirilən əməkdaşlıqları deməyə əsas verir ki, türk dövlətləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu elan edək.

Münasibətlərin inkişafı üçün siyasi, hərbi, iqtisadi, mədəni, elm, təhsil, ictimai və s. istiqamətlərdə işlər görülür. Türk Dövlətlərinin Parlamentlər Assambleyası, media qurumları, QHT-ləri, universitetləri, hərbi qurumları, şirkətləri və s. sahələrdə əməkdaşlıqlar genişləndirilir. Bu günlərdə Türk Dövlətlərinin Ombudsmanlar Birliyi yaradıldı. Bütün bunlar təqdir olunası çalışmalardır və deməyə əsas verir ki, Türk Dünyasının gələcəyi aydındır, parlaqdır. Lakin bu işlərin alt qatlarının ciddi elmi, ideoloji, mədəni istiqamətlərdə araşdırmalarla, tədqiqatlarla tamamlanması lazımdır. Bu tədqiqatlar mövcud duruma aydın baxışı və gələcək üçün konseptual yanaşmaları ortaya çıxaracaq.

- Mədəni sahədə hansı işlərin görülməsini vacib sayırsınız?

- Türk Dünyasının birliyi o zaman sarsılmaz və çox güclü olacaq ki, türk xalqlarının ortaq ədəbi dili və ortaq əlifbası mövcud olacaq. Biz müxtəlif türk ləhcələrində danışmaqla birliyimizin güclənməsini sadəcə gecikdirmiş oluruq. Əvvəl bir-birimizi rus dilində anlayırdıq. Əgər ümumtürk ədəbi dili problemini həll etməsək, o zaman gələcəkdə bir-birimizi ingilis dilində anlamağa məcbur olacağıq. Bu isə qəbuledilməzdir, necə deyərlər, yağışdan çıxıb yağmura düşmüş olacağıq. Siyasi, hərbi, iqtisadi və s. sahələrdə birlik çalışmalarının alt qatları ortaq dil və əlifba kimi çox güclü mədəni məqamlarla zənginləşdirilməlidir.

Onsuz da hazırda Türkiyə türkcəsi dünyada və türk xalqları coğrafiyasında geniş bir şəkildə yayılmaqdadır. Məncə, bu türkcəni əsas götürüb, digər türk ləhcələrindəki türk kökənli sözləri də əlavə etməklə ümumi ədəbi dil formalaşdıra bilərik. Bunun üçün dövlət başçıları tərəfindən siyasi qərarın verilməsinə, onun icrasının isə Qazaxıstandakı Beynəlxalq Türk Akademiyasının koordinatorluğu ilə ümumtürk alimlərinin, mütəxəssislərinin gerçəkləşdirməsinə böyük ehtiyac var. Əks təqdirdə bizim çox böyük əziyyət və zəhmətlə qurduğumuz birlik çalışmaları ciddi problemlərlə qarşılaşa bilər.

- Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı, onun Türk Dünyasının güclənməsinə təsirləri haqqında nə deyə bilərsiniz?

- Türkiyə-Azərbaycan münasibətləri hazırda özünün ən yüksək dövründədir. İşğaldan azad edilən Füzulidə, o cümlədən Rizədə hava limanına ilk enişi edən təyyarədə Ərdoğanın və İlham Əliyevin olması, verilən bəyanatlar, edilən çıxışlar, imzalanan sazişlər, onların pik nöqtəsi olan Şuşa Bəyannaməsi, hərbi, iqtisadi, siyasi, mədəni və s. sahələrdə əməkdaşlıqlar bizə deməyə əsas verir ki, bunları dünyada örnək olacaq dövlətlərarası münasibətlər adlandıraq. Bu da təbii ki, Azərbaycandakı və Türkiyədəki ölkədaxili münasibətlərə, o cümlədən beynəlxalq miqyasda görülən işlərə təsirini göstərir. Azərbaycanın 2020-ci ildə II Qarabağ savaşında 44 günə ərazi bütövlüyünü təmin etməsində Türkiyənin rolu danılmazdır. Bu, həmin sıx əməkdaşlığın bariz nümunəsi idi.

O cümlədən bugünlərdə Prezident İlham Əliyev də qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibətinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini deməsi əlaqələrimizin, işbirliyimizin səviyyəsini göstərir. Türkiyə-Azərbaycan müttəfiqlik münasibətlərinin hazırkı səviyyəsi ən çox Türk Dövlətləri Təşkilatının inkişafında, möhkəmləndirilməsində özünü göstərir. Türk Dünyasının aydınlarının, vətənpərvər, milli düşüncəli şəxslərinin yüz illərdir arzuladığı Turan idealı TDT-nin qismində reallaşmaqdadır. Bu qurumun əsasını Türkiyə-Azərbaycan müttəfiqliyi təşkil edir.

- TDT-yə yeni dövlətlərin qoşulmasını mümkün sayırsınızmı?

- Əlbəttə, mümkündür və mən inanıram ki, mütləq gerçəkləşəcək. Xatırlatmaq istəyirəm ki, əvvəlki illərdə Türk Keneşinə qoşulmaq üçün Cənubi Koreya, Ukrayna, hətta Rusiya rəsmiləri bu və ya digər formada istəklərini, fikirlərini bildirmişdilər. Artıq daha güclü bir beynəlxalq platforma – Türk Dövlətləri Təşkilatı mövcuddur. Mən perspektivdə Türkmənistanın, Pakistanın, daha sonra Ukraynanın, Cənubi Koreyanın, Gürcüstanın, hətta Rusiya və İranla yanaşı, Tatarıstan, Başqırdıstan, Qaqauz Yeri və s. kimi türk topluluqlarının da TDT-də təmsilçiliyini mümkün sayıram.

Müasir dövrdə bioloji millətçilik anlayışı aradan qalxıb. Artıq mübarizələr, daha ciddi fəaliyyətlər mədəni müstəvidə gedir. Türk mədəni təsirinin, türk-islam mənəvi düşüncəsinin mövcud olduğu, qəbul edildiyi əraziləri, xalqları TDT-yə üzv qəbul etmək, sıx işbirliyi qurmaq mümkündür. Bundan başqa TDT daxilində yeni qurumların yaradılmasına – gəncləri, QHT-ləri, medianı, təhsil müəssisələrini, hətta deyərdim ki, siyasi partiyaların fəaliyyətini də əlaqələndirəcək qurumların formalaşdırılmasına, ən nəhayətdə, hərbi birliyin təsis edilməsinə ciddi ehtiyac var. Mən bu sahələrdə inteqrasiya və əməkdaşlıqları mümkün və vacib sayıram. Bütövlükdə Türk Dövlətləri Təşkilatının, türk xalqlarının, obrazlı desək, Türk Dünyasının, Turanın gələcək inkişafını perspektivli sayıram və bunun üçün görülən işlərə ictimai dəstək verə biləcəyimizi açıqlamaq istəyirəm.

Müəllif: İsmayıl Məmmədli