Trampın qisas planı, Baydenin devrilməsi tələbi və Putinin “barmağı” ehtimalı

Dünya

30.08.2022 - 18:30

Deputat: “Payızda ABŞ Konqressinə seçkilər keçiriləcək və seçkiöncəsi “əsəb müharibəsi” pik həddə çatıb”

Politoloq: “Amerikada Prezidenti istefa göndərməyin üç yolu ki, hazırda bu üç variantın heç biri işlək deyil”

Ağ Evin keçmiş rəhbəri Donald Tramp ABŞ-da növbəti Prezident seçkilərinin keçirilməsini tələb edən açıqlama ilə çıxış edib. Amerikanın sabiq Prezidenti bəyan edib ki, Bayden administrasiyası ABŞ-ı və dünyanı uçuruma sürükləyir. Onun sözlərinə görə, ölkəsinin və dünyanın nicatı üçün amerikalılar növbədənkənar Prezident seçkilərinə getməli və Baydenin hakimiyyətdən uzaqlaşdırılmasına nail olmalıdırlar.

Trampın Rusiya ilə yaxın münasibətlərdə olduğu hər kəsə məlumdur. Hətta ABŞ rəsmiləri Rusiyanın 8 noyabr Prezident seçkilərinə kibermüdaxilə etməsi ilə bağlı fikirlər də səsləndiririblər. Bəzi analitiklər hesab edirlər ki, Trampın bu açıqlaması təsadüfi deyil və Moskvanın maraqlarına xidmət edir. Lakin onlar Rusiyanın Tramp və digərləri vasitəsilə ABŞ-ın daxili siyasətinə təsir etmək gücündə olmadığından əmindirlər.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya deyib ki, bu ilin payızında Amerikada keçiriləcək seçkilər ərəfəsində Demokratlar ilə Respublikaçılar arasında münasibətlər yenidən gərginləşib: “Bir neçə ay sonra ABŞ Konqressinə növbəti seçkilər keçiriləcək. Seçkiöncəsi “əsəb müharibəsi” davam edir və seçkilər yaxınlaşdıqca iki partiya arasında rəqabət şiddətlənir. Hər iki partiyanın rəsmiləri bir-birinə qarşı müxtəlif təzyiq alətlərindən istifadə edirlər”.

“Burada əsas arqument Rusiya ilə bağlıdır. ABŞ-da yaşanan iqtisadi problemlərdən dolayı bəzi amerikalı siyasətçilər Prezident Baydeni və onun komandasını günahlandırırlar. Hesab edirlər ki, Rusiyaya qarşı yürüdülən siyasət mövcud iqtisadi böhranı şərtləndirən əsas amillərdəndir. Bu mənada Trampın çıxış yolu olaraq ABŞ-ın növbədənkənar Prezident seçkilərinə getməsi zərurətini bildirməsi təsadüfi sayıla bilməz”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın fikrincə, ABŞ Konqressinin tərkibində ciddi dəyişikliklər gözlənilsə də, Baydenin istefaya gedəcəyi inandırıcı deyil: “Amerika qanunlarına görə, Prezident hər hansı səbəbdən vəzifəsini tərk edərsə, bu halda vitse-prezident onun səlahiyyətlərini icra edir. Yəni, bu məsələdə hər hansı problem yoxdur. Digər yandan, Bayden özü də istefa vermək niyyətini açıqlamayıb. Respublikaçıların, eləcə də Donald Trampın açıqlamaları, əslində deyildiyi kimi, növbədənkənar Prezident seçkilərinə yox, Konqressə keçiriləcək seçkilərə hesablanıb. Hesab edirəm ki, bu ilin payızında Konqresin tərkibində ciddi dəyişikliklərin şahidi olacağıq”.

“O ki qaldı Moskvanın ABŞ-ın daxili siyasətinə təsirinə, Rusiya Amerikanın daxili siyasətinə təsir göstərmək iqtidarında deyil. Onun başı özünə və problemlərinə qarışıb. Sadəcə həm Respublikaçılar, həm də Demokratlar bir-birinə qarşı mübarizədə Rusiya faktorundan geniş istifadə edirlər. Bu, bir təzyiq alətidir”, - deyə Mollazadə vurğulayıb.

Siyasi şərhçi Zərdüşt Əlizadə də AYNA-ya açıqlamasında Baydenin istefaya gedəcəyinə inanmadığını söyləyib: “ABŞ-da Prezidenti istefa göndərməyin üç yolu mövcuddur və hazırda bu üç variantın heç biri işlək deyil. Bunlardan biri Prezidentin özünün istefasıdır - hansı ki, Bayden nəinki istefa verməyəcəyini bəyan edir, növbəti seçkilərdə də namizəd olacağını açıqlayıb. Digər yol Amerika Konqressinin Prezidentə qarşı impiçment tətbiq etməsidir - mövcud şəraitdə bu da inandırıcı deyil. Başqa bir yol isə istisna hal kimi nəzərdə tutulub - yalnız məxsusi hallarda ABŞ Ali Məhkəməsi Prezidenti istefaya göndərməklə bağlı qərar qəbul edə bilər. Göründüyü kimi, bunların heç biri aktual deyil və müzakirə də olunmur”.

“O ki qaldı Donald Trampa, o, ABŞ-ın sabiq Prezidenti olaraq müəyyən imtiyazlara və üstünlüklərə malikdir. Lakin o da adi Amerika vətəndaşıdır və söylədiyi fikirləri ciddiyə almaq lazım deyil. ABŞ-ın prezidentləri adətən iki dəfə seçilirlər ki, bu ənənə Trampın seçkisi zamanı pozulub. Görünür, elə buna görə də Tramp qisas hissi ilə alışıb yanır və belə emosional fikirlər səsləndirir”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın ABŞ-ın daxili siyasətinə təsir etmək gücü yoxdur: “Düzdür, ABŞ rəsmiləri iddia edirlər ki, Rusiya 8 noyabr seçkilərində kibermüdaxiləyə cəhd edib. Lakin bunun qarşısı alınıb. Bu cəhdin də məhz Trampın xeyrinə olduğu iddia olunurdu. Əgər onlar o zaman - hansı ki, Tramp Prezident idi - buna müvəffəq olmadılarsa, bundan sonra nail olmaları da inandırıcı deyil. Artıq Tramp ABŞ siyasəti üçün qapanmış səhifədir. Hətta bundan sonra Respublikaçılar hakimiyyətə gəlmiş olsalar belə, onların namizədinin Tramp olmayacağı məlumdur. O, uğurlu və varlı biznesmendir. Hakimiyyəti də elə biznesmen kimi idarə edib”.

“Digər yandan bu gün Rusiyanın nəinki ABŞ-a qarşı müqvimət gücü yoxdur, hətta əksinə, Amerikadan gələn təzyiqləri neytrallaşdıra bilmir. Ukraynaya qarşı təcavüz Rusiyanın fövqəladə dərəcədə güclü olması ilə bağlıl əfsanə və nağılları yerlə bir etdi. Tramp ağılsız və axmaq adamdır. Ona əhəmiyyət verməyə dəyməz”, - deyə Əlizadə fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev