“Revanş olmayacaq, çünki artıq gecdir, səsvermə artıq başlayıb”
ABŞ-ın sabiq Prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp “Fox News”un Demokratlar Partiyasının namizədi Kamala Harrislə oktyabrın 24 və ya 27-də debat keçirmək təklifini niyə rədd etdiyinə aydınlıq gətirib. AYNA xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkə hesabında yazıb ki, Harrislə müzakirə etməyə “bir şey yoxdur”.
“Dünən Kamala açıq şəkildə bildirdi ki, Co Baydendən fərqli bir nəsə söyləməyəcək. Ona görə də mübahisə etməyə heç bir şey yoxdur”, deyə Tramp vurğulayıb.
Respublikaçı əlavə edib ki, “revanş olmayacaq”, çünki “artıq gecdir, səsvermə artıq başlayıb”.
Qeyd edək ki, Tramp və Harris arasında debatın ilk raundu sentyabrın 10-da baş tutub. CNN/SSRS sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63 faizi xanım Harrisin qalib gələcəyini bildirib. Eyni zamanda, Tramp bildirib ki, bu, onun “indiyə qədərki ən yaxşı debatı”dır.
Harris isə debatın ikinci turuna hazır olduğunu bəyan edib.
Amerikanın 47-ci prezidentini seçmək üçün noyabrın 5-də ABŞ-da seçkilər keçiriləcək. “New York Times”ın hesablamalarına görə, demokratların namizədi rəqibini 2 faiz qabaqlayır. Nəşrin respondentlərinin təxminən yarısı Harrisə səs verəcəklərini bildiriblər.