“Co Bayden tərəfindən birbaşa imzalanmayan bütün icra fərmanlarını və digər sənədləri ləğv edirəm"
ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin avtomatik qələmlə imzaladığı bütün icra fərmanlarını ləğv edib. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.
"Yuxulu Co Baydenin qələmlə imzaladığı sənədlər, təxminən 92 faizi, artıq ləğv edilib və qüvvədə deyil. ABŞ Prezidenti tərəfindən birbaşa icazə verilmədikcə qələmdən istifadə qadağandır", - ABŞ lideri bildirib.
Amerika liderinin sözlərinə görə, "radikal solçu demokratlar" faktiki olaraq "Baydenin prezidentlik səlahiyyətlərini əlindən alıblar".
"Buna görə də, qələmi idarə edən insanlar qanunsuz hərəkət etdiyi üçün Co Bayden tərəfindən birbaşa imzalanmayan bütün icra fərmanlarını və digər sənədləri ləğv edirəm", - deyə Tramp bildirib.
"Co Bayden qələm prosesinə daxil edilməyib və əgər o başqa cür desə, yalan ifadə verməkdə ittiham olunacaq", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Tramp dəfələrlə Baydenin sənədləri özü imzalamadığını və ətrafının qələmdən istifadəyə əl atdığını iddia edib. O həmçinin Baydenin qohumları da daxil olmaqla təxminən 2500 şəxsin əfv edilməsi ilə bağlı icra sərəncamlarının keçmiş Prezidentin xəbəri olmadan qələmlə imzalandığı üçün etibarsız olduğu fikrini bildirib.
Bayden əvvəllər “The New York Times” qəzetinə verdiyi müsahibədə əfv sərəncamlarını onun adından imzalamaq üçün avtomatik qələmdən istifadə edildiyini etiraf etmiş, bütün əfv qərarlarının şəxsən özü tərəfindən verildiyini və çox sayda sənədə görə qələmdən istifadənin zəruri olduğunu iddia etmişdi. İyul ayında Ağ Ev ABŞ-ın keçmiş liderinin qələmdən istifadə etməsi ilə bağlı araşdırma başlatmışdı.