Avropa avtomobil səhmləri Trampın təhdidləri fonunda ucuzlaşıb
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyadakı vəziyyətlə bağlı yenidən tarifləri qaldırmaqla hədələməsindən sonra Avropa avtomobil istehsalçılarının səhmləri kəskin şəkildə aşağı düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, “Mercedes-Benz AG” səhmləri 6,7 faiz, BMW AG 7 faiz və “Volkswagen AG” səhmləri 5,4 faiz ucuzlaşıb. Bundan əlavə, “Porsche AG” səhmləri təxminən 5 faiz ucuzlaşıb.
Agentlik xatırladıb ki, ötən həftənin sonunda Ağ Ev rəhbəri Avropa mallarına əlavə 10% tarif tətbiq olunduğunu elan edib. Bu, xüsusilə Almaniya və Fransa məhsullarına aiddir. Bununla yanaşı, alman istehsalçıları əsas bazar kimi ABŞ-dan çox asılıdırlar.
Bundan əlavə, Avropa avtomobil sənayesi artıq Trampın artıq tətbiq etdiyi tariflər səbəbindən təzyiq altındadır. Hazırda Avropa Birliyindən idxal edilən əksər nəqliyyat vasitələri və komponentlər üçün tariflər 15 faiz təşkil edir.
Lakin Aİ avtomobil istehsalçılarına zərər verən təkcə ABŞ tarifləri deyil. Onlar həmçinin Çindəki satışların azalmasından və elektrikli nəqliyyat vasitələrinə keçidin gözləniləndən daha yavaş olmasından əziyyət çəkirlər ki, bu da bir çoxlarının ətraf mühit ambisiyalarından imtina etməsinə səbəb olub.
Daha əvvəl Asiya ticarət bazarları ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı səkkiz Avropa ölkəsinə əlavə tariflər tətbiq etməklə hədələməsindən sonra qiymətlərin düşdüyünü bildirib.