“Tovuzda baş verənlər Ermənistanın Rusiyaya qarşı təxribatıdır”

Siyasət

15.07.2020 - 10:18

Sədrəddin Soltan: “Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlamaq üçün Minsk Qrupuna üzv ölkələri fakt qarşısında qoymalıdır”

 

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutması səbəbindən başlayan döyüşlər davam edir. İnsident nəticəsində hər iki tərəf itki versə də, düşmən tərəfin cəhdləri iflasa uğrayıb və təxribatçılar geri otuzdurulub.

 

Qarşıdurmanın Dağlıq Qarabağ istiqamətində yox, Azərbaycan-Ermənistan sərhədində baş verməsi bir çox suallara səbəb olub. Digər tərəfdən, hərbi əməliyyatların davam edib-etməyəcəyi də diqqətlə izlənilir.

 

AYNA-nın mövzu üzrə suallarını “Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan cavablandırıb.

 

- Sədrəddin müəllim, baş verən proseslər demək olar ki, bütün ölkə vətəndaşlarında bir sual yaradıb: hərbi əməliyyatlar davam etməlidirmi?

 

- Ermənistanla Azərbaycan arasında açıq müharibə yox, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı hərbi əməliyyatlara ehtiyac var. Çünki nə beynəlxalq ictimaiyyət, nə vasitəçilər, nə də baş verənlərə özünü canıyanan kimi göstərənlər Ermənistanın işğalçılıq siyasətinə qarşı heç bir əməli addım atmırlar. Bu günə qədər Ermənistanın heç bir hökumət başçısına, hərbi xadiminə, Prezidentinə işğalçılıq fəaliyyətinə görə sanksiya tətbiq edilməyib. Üç il bundan əvvəl Ermənistan Prezidenti Armen Sarkisyan Qarabağa səfər etmişdi. İşğal olunmuş torpaqlara bu formada sərbəst gedib-gəldiklərinə görə, Ermənistanın hansısa rəhbərliyinə sanksiya tətbiq edilmədi. Əksinə, həmişə Azərbaycan tərəfini sülhə, öz torpaqlarının işğalı ilə bağlı güzəştlərə çağırıblar.

Sədrəddin Soltan: “Baş verənlər İran iqtisadiyyatının ciddi ...

- Belə bir şəraitdə Azərbaycan tərəfi nə etməlidir?

 

- Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad etməkdən başqa yolu yoxdur. Hətta, bu istiqamətdə istər dini, istər siyasi, istər fəlsəfi, istəri hüquqi - bütün qayda-qanunlar hamısı Azərbaycan tərəfindədir. Fakt odur ki, Azərbaycanın torpaqları işğal olunub və Azərbaycan öz torpaqlarını işğaldan azad etməlidir. Necə ki, zamanında Avropa ölkələri, Rusiya öz torpaqlarını müxtəlif ölkələrin işğalından azad edib, Azərbaycanın da öz torpaqlarını işğaldan azad etmək təbii, hüquqi və beynəlxalq hüquqla müəyyən olunmuş haqqıdır. Ona görə də müharibənin və hərbi əməliyyatların Qarabağın işğaldan azad edilməsi istiqamətində davam etməsi mümkündür və bu, davam edə bilər.

 

- Sizcə davam edəcək? Edəcəksə, nə vaxta qədər?

 

- Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğaldan azad etməsə, müharibə davam edəcək və qaçılmazdır. Və bunun üçün hakimiyyətdə kimin olmağının da heç bir fərqi yoxdur. Necə ki, bundan əvvəl heç bir hakimiyyət nümayəndəsi torpaqların işğalı ilə razı olmayıb. Həmişə buna qarşı reaksiya göstərilib və bacarılan qədər də bu əraziləri qoruyub- saxlaya bilib. Bundan sonra da hakimiyyətə kim gəlsə, torpaqların işğal faktı ilə razılaşmayacaq. Ona görə də torpaqların azad olunması uğrunda siyasi, hərbi, diplomatik mübarizə davam edəcək. O cümlədən, hərbi mübarizə birinci yerdədir bu məsələdə.

 

- O zaman iyulun 12-də başlayan qarşıdurma qeyd etdiyiniz məsələlərin tərkib hissəsidir?

 

- Bu, Ermənistan tərəfindən Azərbayacana qarşı baş vermiş təxribatdır. Çünki Ermənistan daxilində çox ciddi proseslər gedir. Ermənistan siyasi, iqtisadi, sosial cəhətdən böhranla üz-üzə qalıb. Üstəgəl, koronavirusla mübarizədə onlar beynəlxalq ictimaiyyətə müraicət ediblər və yardım kampaniyalarına başlanılıb. Digər tərəfdən, Nikol Paşinyan hakimiyyəti ilə Rusiyanın münasibətləri gərgindir. Ermənistanda əvvəllər hakimiyyətdə olmuş qüvvələrdən ibarət Rusiyayönümlü müxalifət formalaşır. Hətta, sonradan yaranmış Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanisyanın “Vətən” Partiyası da Rusiyayönümlü olduğunu etiraf edib. Hətta, iyulun 10-da “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyan “Facebook” səhifəsində Rusiyaya qarşı olanlara qarşı çıxacağını bəyan etmişdi. Bu hadisələr də o fonda baş verir ki, Rusiyaya qarşı etirazlar və Rusiyanı sevənlər var. Hadisələr bu iki ziddiyətin baş verdiyi şəraitdə yarandı və ermənilər təxribatla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) məsələyə cəlb etmək, Azərbayacana qarşı hansısa formada sanksiyaya nail olmaq istəyirlər. Əvvələr də Qarabağdakı əməliyyatlar zamanı bu cür fikirlər səsləndiriblər. Amma onda KTMT bəyan etmişdi ki, “bu, Azərbaycanın daxili məsələsidir və məsələnin təşkilata heç bir dəxli yoxdur”. İndi də ermənilər istəyirlər ki, bu təxribatı yaratmaqla məsələni beynəlxalq səviyyəli hadisə kimi ortaya çıxarsınlar və KTMT-ni də prosesə cəlb etsinlər. Dünən də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Rusiya Xarici İşlər naziri Sergey Lavrov və KTMT Baş katibi Stanislav Zasla danışıqlarının hamısı Ermənistanın təxribatın miqyasını və mahiyyətini şişirtmək niyyətinə xidmət edirdi. Digər tərəfdən, Nikol Paşinyan hakimiyyəti KTMT-nin mənasız qurum olduğunu da sübut etmək istəyir.

KTMT-nin bəyanatı təxribatdır"

- Bəs, KTMT-ni Azərbaycana qarşı cəlb etsələr, nə baş verər?

 

- Belə olan halda, ya istifadə edəcəklər, ya da ona qarşı təbliğat aparmağa başlayacaqlar ki, “Azərbaycan bizim sərhədimizi pozub, amma siz heç nə etmirsiz”. Bütün hallarda, mən hesab edirəm ki, bu sərhədyanı hadisə Ermənistan hakimiyyətinin Rusiyaya qarşı təxribatıdır. Həm də təkcə Rusiyaya qarşı yox, Rusiyanın liderlik etdiyi təşkilatlara qarşıdır. Ermənistan- Azərbaycan sərhədini Ermənistan Daxili Qoşuları, Gürcüstan-Ermənistan sərhədini Gürcüstan Milli Təhlükəsizlik Xidməti, Ermənistanın Türkiyə və İranla sərhədini isə Rusiya Baş Kəşfiyyat İdarəsinin Sərhəd Qoşunları qoruyur. Odur ki, Ermənistan- Azərbaycan sərhədində üçüncü qüvvə yoxdur. Ermənilər neyləsə, müxtəlif yalanlarla, hiylələrlə onu Azərbaycanın ayağına yazmağa çalışacaqlar. Ermənilərin itkiləri gizlətməsi də onların hadisənin mahiyyətini gizlətməsindən xəbər verir.

 

- Yeri gəlmişkən, KTMT-nin planlaşdırılan iclası naməlum səbəblərdən təxirə salınıb. Bu, nədən xəbər verir?

 

- Bu, Azərbaycanın doğru, Ermənistanın isə təxribatçı olduğunu təsdiqləyir. Ermənistan KTMT-ni çoxdandır Qarabağ münaqişəsinə cəlb etməyə çalışır. Bu isə indiyədək baş tutmur. İyulun 12-də Ermənistan sərhəddə törətdiyi təxribatla təşkilatı oyuna qatacağını zənn edib. Ancaq KTMT məsələnin Ermənistana təcavüz olmadığını, əksinə, rəsmi Yerevanın təxribatla məşğul olduğunu anladığından iclas keçirməmək qərarına gəlib.

 

- Bütün bunların fonunda, genişmiqyaslı hərbi əməliyyatlar başlasa, Rusiyanın mövqeyi necə olacaq?

 

- Əgər bu əməliyyatlar genişlənsə, ermənilərə və Qarabağdakı erməni icmasına zərər verəcək. Yəni, müharibənin səs-küyü Qarabağdakı ermənilərə rahatlıq verməyəcək və nəticədə onlar Qarabağdan çıxa bilərlər. Məsələn, 1992-ci ildə Azərbaycan Ordusu Ermənistanın Qafan ərazisindən Azərbaycan üçün təhlükə yaradan əraziləri vururdu. Onda beynəlxalq ictimaiyyət prosesi dayandırdı. O zaman ermənilər Qarabağdan köçməyə başlamışdı və Ermənistan daxilində qorxu var idi. Ermənistanla sərhəd bölgəsində ermənilərin təxribatı nəticəsində başladılan hərbi əməliyyatlar ermənilərin özlərinə ziyandır və Qarabağdakı ermənilərin Qarabağı boşaltmasına səbəb ola bilər.

 

Amma Azərbaycan üçün də ciddi sanksiyalara gətirib çıxara bilər. Ermənilərin böyük diaspor və dayaqları var. Bu dayaqları Rusiya, Fransa və ABŞ kimi ölkələrdir. Avropada istənilən dövlət Ermənistana dəstəkdir. Bu isə Azərbaycana qarşı böyük sanksiyalara səbəb ola bilər. İran isə nə qədər hay-küy salsa da, mövqeyi beynəlxalq ictimaiyyət üçün önəmli deyil. Çünki İran terrorçu və terroru dəstəkləyən dövlətdir deyə, onun mövqeyi, adətən, müsbət qarşılanmır. Rusiya isə Ermənistanı Ermənistan etdiyindən, bu məsələdə açar rol oynayır və Rusiyanın mövqeyi əsas olur. KTMT-nin də nizamnaməsinə görə, üzv ökələrdən birinə hücum digərlərinə hücum sayılır. Bu baxımdan, KTMT-yə üzv olan digər ölkələr də etirazlarını bildirə bilər. O ki, qaldı Qarabağda genişmiyqaslı əməliyyatların başlamasına, bu istiqamətdə vasitəçi ölkələr ciddi şəkildə etiraz edə, “dinc erməniləri qırmaq, atəşkəsi pozmaq” kimi təxribat xarakterli fikirlərlə Azərbayacana yenidən sanksiya tətbiq edə bilər. Amma bütün bunların hamısı o demək deyil ki, Azərbaycan öz torpaqlarını azad etməməlidir. Ona görə də sanksiya tətbiq edəcək potensial ölkələri fakt qarşısında qoymaq lazımdır. Bunun üçün də Azərbaycan diplomatiyası daha ağıllı işləməlidir, daha viza satmaqla məşğul olmamalıdır.

Müəllif: Mərahim Nəsib