“Hazırkı dayazlaşma sürətində təhlükəli proses dönməz hala gələ bilər”
“Xəzər dənizinin dayazlaşması dönməz hala gələ və ciddi nəticələr fəsadlara səbəb ola bilər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev deyib.
"Xəzər dənizinə gəldikdə isə, hazırkı dayazlaşma sürətində bu təhlükəli proses dönməz hala gələ bilər ki, bu da qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrdən ibarət zəncirvari reaksiyaya səbəb olacaq. Qazaxıstan ekosistemin məhv edilməsinin və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqramın hazırlanması təşəbbüsünü irəli sürüb", - deyə o Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxışında bildirib.
Tokayev bütün beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb: "Ümumiyyətlə, mənim fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar dar mandatlar çərçivəsində, parçalanmış şəkildə fəaliyyət göstərməyə meyllidirlər ki, bu da artan su problemlərinin miqyasına uyğun deyil".