“Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsinə start verilib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisi olaraq hazırda COVID-19-la mübarizədə Avropa ilə əməkdaşlıq edirik və “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsinə start vermişik.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində ÜST-nin Azərbaycan ofisinin rəhbəri Hande Harmancı deyib. Bildirib ki, artıq layihə çərçivəsində iki gün əvvəl 168 min fərdi qoruyucu vasitə Azərbaycana gətirilib.
“Bundan sonra iki dəfə də qoruyucu vasitələr ölkəyə gətiriləcək. Bu layihə iki il davam edəcək və Azərbaycan da daxil olmaqla 6 ölkədə virusun qarşısının alınması və ona qarşı mübarizə potensialının gücləndirilməsi nəzərdə tutulub”, - Harmancı qeyd edib.
Onun sözlərinə görə, bu müddət ərzində virusla mübarizədə ön cəbhədə çalışan tibb işçiləri və digər müvafiq şəxslərin tibbi ləvazimatlarla təmin olunmasına dəstək veriləcək: “Tibb işçilərinə təlimlər keçiriləcək və eyni zamanda, əsas tibbi xidmətlərin təminatında hökumətə dəstək olacağıq”.