Vüsal Kərimli: “İctimai nəqliyyatda sürücü ilə yanaşı sərnişinin də maska taxması zəruridir, göstərişdir”
“Pandemiya dövründə avtobus sürücüləri və avtobuslarda dezinfeksiyaya dair metodiki göstərişlərə görə, ictimai nəqliyyatda sürücü ilə yanaşı sərnişinin də maska taxması zəruridir, göstərişdir”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifiqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
“İndi sərnişinlərin çox zaman maskadan istifadə etmədiklərini görürük. Operativ Qərrargah bu barədə yaxın vaxtlarda qərar verəcək, cərimələr nəzərdə tutula bilər”, - BNA rəhbəri bildirib.
Onun sözlərinə görə, vətəndaşlar cərimələr yolu ilə yox, özləri könüllü şəkildə sosial məsafəni qorumalı, fərdi qaydalara əməl etməlidirlər: “Dezinfeksiya aparatlarına gəlincə, pandemiya dövründə dezinfeksiyaedici mayeli aparatlar quraşdırılıb. Kartlaşma məsələsi yekunlaşdıqdan sonra, avtobusların ümumi dezinfeksiya məsələsi Nazirlər Kabinetinin 73 saylı fərmanında əksini tapdığı kimi, nəzarətə götürüləcək”.