“Hazırda ölkədə koronavirusla bağlı vəziyyət başqa ölkələrlə müqayisədə qənaətbəxş hesab olunur”
“Azərbaycanda koronavirusa ilk yoluxma faktının aşkarlanması nəticəsində, təhsil sektorunun əhatəliyi nəzərə alaraq, bütün ölkədə təhsil-tədris müəssisələrinin fəaliyyəti dayandırıldı. Bu erkən tədbir həmin vaxt 12 ölkədə tətbiq olundu. Daha sonra isə oxşar karantin tədbiri 191 ölkədə tətbiq olundu”.
AYNA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, məhdudiyyət tədbirlərinin vaxtında başlaması indiki vaxtda öz töhfəsini verdi: “Hazırda ölkədə koronavirusla bağlı vəziyyət başqa ölkələrlə müqayisədə qənaətbəxş hesab olunur”.
Nazir bildirib ki, aprelin 29-da televiziya vasitəsilə “Teledərslər” proqramının mininci buraxılışı efirə gedəcək: “Bu layihənin ardı olaraq, “Virtual məktəb” layihəsi davam edir. Bu günə qədər 650 min şagird onlayn qeydiyyatdan keçib”.