Tehrandan Moskvaya “ballistik kömək” – “Daha çox təchizat olacaq”

Dünya

22.02.2024 - 22:05

Altı mənbənin təsdiqlədiyi məlumat: Rusiya İrandan çoxlu sayda güclü ballistik raketlər alıb

Rusiya İrandan çoxlu sayda güclü ballistik raketlər alıb. Bu barədə “Reuters” altı mənbəyə istinadən yazıb. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, İran Rusiyaya “Fateh-110” ailəsindən “Zülfüqar” kimi qısa mənzilli ballistik raketlərinin 400-ə yaxın mərmisini verib. Agentliyə üç İran mənbəsi bildiriblər ki, raket 300-700 km məsafədəki hədəfləri vura bilir.

Rəsmi Tehran və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) silah tədarükü ilə bağlı şərh verməkdən imtina ediblər.

Mənbələrin məlumatına görə, raketlər Rusiyaya yanvarın əvvəlində, iki ölkənin hərbçiləri arasında razılaşma bağlandıqdan sonra daxil olmağa başlayıb. Adının açıqlanmasını istəməyən İran hərbi rəsmisi qeyd edib ki, ilin əvvəlindən Rusiyaya dəniz və hava yolu ilə raketlər göndərilib.

“Daha çox təchizat olacaq, bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”, – başqa bir İran rəsmisi deyib.

BMT Təhlükəsizlik Şurasının İranın bəzi raketlər, pilotsuz təyyarələr və digər texnologiyaların ixracına qoyduğu məhdudiyyətlərin müddəti ötən ilin oktyabrında başa çatıb. Bununla belə, ABŞ və Avropa İttifaqı Yaxın Şərqə və Rusiyaya silah ixracı ilə bağlı narahatlıqlar fonunda İranın ballistik raket proqramına qarşı sanksiyaları davam etdirir.

Montereydəki Middleburi Beynəlxalq Tədqiqatlar İnstitutunun eksperti Cefri Lyuis qeyd edir ki, “Fateh-110” raket ailəsi dəqiq silahdır və 400 mərmi ciddi rəqəmdir. Filadelfiyadakı analitik mərkəz olan Xarici Siyasət Tədqiqatı İnstitutunun baş əməkdaşı Rob Li də İrandan raketlərin tədarükünün hava hücumundan müdafiə sisteminin ballistik raketin qarşısını almasını çətinləşdirəcəyini və Rusiyaya döyüş meydanında üstünlük verəcəyini iddia edib.

ABŞ yanvar ayında Rusiyanın Şimali Koreyadan əldə etdiyi raketlərə əlavə olaraq İrandan ballistik silahlar əldə etmək istəməsindən narahatlığını ifadə edib. Bununla belə, Ağ Ev hələlik çatdırılma faktını açıqlaya bilmir. Bu barədə Ağ Ev administrasiyasının rəsmisi “Reuters”ə deyib. Onun sözlərini Ukrayna hərbçiləri də təsdiqləyib və qeyd ediblər ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun İran ballistik raketlərindən istifadə etməsini qeydə almayıb.

Əvvəllər Kiyev dəfələrlə Tehrandan Rusiyaya silah tədarükünü dayandırmağı xahiş edib. Xüsusən də Ukrayna Hərbi Hava Qüvvələri açıqlayıb ki, Rusiya ordusu Ukrayna şəhərlərinə və infrastrukturuna hücum etmək üçün 3700 dəfə “Şahed 136” pilotsuz uçan aparatlarından atəş açıb.

İran əvvəlcə pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükü məlumatlarını rədd etdi. Lakin aylar sonra Moskvanın 2022-ci ildə işğala başlamazdan əvvəl onların kiçik bir hissəsini təmin etdiyini açıqladı.

Beynəlxalq ekspertlər iddia edirlər ki, Tehranın Moskvaya verdiyi silahlarla, ballistik raketlərlə Rusiya döyüş meydanında gücünü artıracaq. Hətta iddia edənlər var ki, bu silahlar vasitəsilə Ukraynaya qarşı Rusiyanın təcavüzkar və işğalçı müharibəsini qələbə ilə yekunlaşdıra bilər. Beynəlxalq ekspertlər müharibənin taleyini həll edə biləcək silah təchizatını İranın Rusiyaya “ballistik kömək” adlandırırlar.

Müəllif: Turan Abdulla