Tbilisidə aksiya: “Qara ciplərinizdə oturursunuz, bizi görmürsünüz”

Dünya

28.01.2021 - 15:59

Etirazçılar paytaxtda karantin məhdudiyyətlərinin ləğvini tələb edirlər

 

“İnsanları ciplərdən görə bilməzsiniz, karantini ləğv etmək lazımdır”. AYNA xəbər verir ki, bu şüar Gürcüstanın paytaxtı Tbilisidə bir qrup hüquq müdafiəçisinin və ictimai fəalın keçirdiyi aksiyada səsləndirilib.

 

Tbilisidəki Rustaveli prospektində Gürcüstan Parlamentinin binası yaxınlığında keçirilən aksiyada etirazçılar koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan məhdudiyyətlərin götürülməsini, ictimai nəqliyyatın bərpasını tələb ediblər.

 

Etirazçıların sözlərinə görə, məhdudiyyətləri tətbiq edən məmurlar özləri bahalı avtomobillərdə gəzirlər və işləyən tək nəqliyyat vasitəsi olan taksidəki insanları görmürlər.

 

Fəallar aksiyaya ölkədə kimin hansı maşını sürdüyünü bildirən uzun vəzifəli siyahısı ilə gəliblər. Siyahıda Baş nazir, paytaxt meri və müavinləri başda olmaqla, demək olar ki, bütün nazirlər və bir çox digər yüksək vəzifəli məmurların adı yer alıb.

 

“Bizə məhdudiyyət qoyan insanlar qara ciplərdə otururlar və problemlərimizi görmürlər. Məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirik”, - deyə fəal Nino Tsuladze bildirib.

 

Qeyd edək ki, fevralın 1-dən etibarən Gürcüstanda ticarət mərkəzləri və restoranlar açılacaq. Paytaxt Tbilisi, Kutaisi və Rustavi şəhərlərindən başqa, digər yerlərdə məktəblərdə əyani dərslər bərpa olunacaq. Bu qərar paytaxt əhalisi arasında narazılığa səbəb olub. Tbilisi əhalisi məhdudiyyətlərin götürülməsini, ictimai nəqliyyatın bərpasını tələb edirlər.

 

Hökumət isə bildirir ki, koronavirus infeksiyası nisbəti düşərsə və bir həftə ərzində 4 faiz səviyyəsində qalarsa, o zaman məhdudiyyətlər qaldırıla bilər.

Müəllif: Ayna.az