Sərhədyanı ərazilərdə yaşayan sakinlərin təxliyəsi təsdiqlənib
Ukrayna Silahlı Qüvvələr Sumı vilayətində Qrabovsk kəndinin Rusiya Ordusunun nəzarətinə keçdiyini, sərhədyanı ərazilərdə yaşayan sakinlərin təxliyə olunduğunu təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Kommunikasiyalar Baş İdarəsinin zabiti Dmitri Lixoviy bildirib.
Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətində sərhəddə yerləşən Qrabovsk kəndi yaxınlığında dövlət sərhədini keçib, kəndin 50-dən çox sakini Rusiyaya aparılıb. Bildirilib ki, hücum nəticəsində Ukraynanın Müdafiə Qüvvələri Qrabovske rayonu ətrafında bir neçə mövqedən geri çəkilib. Hazırda həmin ərazidə vəziyyətin sabitləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Məlumata əsasən, yaşayış məntəqəsi Rusiya qüvvələrinin nəzarətinə keçdikdən sonra Ukraynanın 50-dən çox mülki vətəndaşı məcburi şəkildə Rusiya ərazisinə aparılıb. Onların əksəriyyəti yaşlı kişi və qadınlardır, deportasiya olunanlardan birinin 89 yaşı var. Qeyd olunub ki, bu şəxslərin demək olar hamısı daha əvvəl Ukraynanın daxili ərazilərinə təxliyə olunmaqdan imtina edib.
Ukrayna hüquq-mühafizə orqanları mülki şəxslərin məcburi deportasiyası faktı üzrə araşdırmalara başlayıb. Ukrayna Silahlı Qüvvələri bu hadisəni Cenevrə Konvensiyasının pozulması kimi qiymətləndirir.
Hərbçilər eyni zamanda sərhədyanı ərazilərdə yaşayan sakinləri təxliyə olunmağa çağırır. Bildirilib ki, Sumı vilayətində yerli hakimiyyət orqanları təxliyə prosesini təşkil edib və indiyədək 30 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Bununla yanaşı, 5 min 700-ə yaxın şəxs, o cümlədən 38 uşaq təxliyədən imtina edib.